×
A
A
A
Sazlamalar

Şəhid Ağahüseyn Aslanovun xatirəsi anılıb

İsmayıllı, 26 aprel, AZƏRTAC 

1994-cü ildə Dağlıq Qarabağda döyüşlərdə şəhid olan polis polkovnik-leytenantı Ağahüseyn Aslanovun xatirəsi təhsil aldığı İsmayıllı şəhər 2 saylı orta məktəbdə anılıb. Mərasimdə məktəbin şagird və müəllim kollektivi, şəhidin ailə üzvləri və yaxınları, rayon ağsaqqalları, ziyalılar iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Ağahüseyn Aslanovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məktəbin qarşısındakı büstünün önünə gül dəstələri qoyulub.
Məktəbin direktoru Ramil Dadaşov anım mərasimində şəhidin keçdiyi şərəfli həyat yolu barədə danışıb. Qeyd edib ki, orta məktəbi müvəffəqiyyətlə bitirən, polis polkovnik-leytenantı rütbəsinədək yüksələn Ağahüseyn Aslanov 4 övlad atasıdır. Övladlarından biri atasının yolu ilə gedib və polis zabitidir.
Mərasimdə rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov, ziyalılar Qalib Bəşirov, Əhmədağa Ələkbərov və başqaları çıxış edərək şəhid Ağahüseyn Aslanov barədə xatirələrini danışıblar.
Şəhidin yaxın qohumu Allahverdi Aslanov tədbirin təşkilatçılarına təşəkkür edib, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Sonda şagirdlər şəhidlərə, Vətənə həsr olunan mahnılar oxuyublar.

Regionlar 2019-04-26 12:11:00