×
A
A
A
Sazlamalar

Ədliyyə Nazirliyində CISCO şirkətinin nümayəndə heyəti ilə görüş olub

Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 25-də ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, IT texnologiyaları sahəsində dünyada tanınmış lider şirkətlərdən olan CISCO-nun Azərbaycanla səmərəli əməkdaşlığından məmnunluğunu ifadə edən nazir Prezident İlham Əliyevin siyasi iradəsi ilə ədliyyə və məhkəmə sistemində aparılan islahatlar, bu sahədə tətbiq olunan rəqəmsal texnologiyalar, o cümlədən “Elektron məhkəmə” informasiya sisteminin, probasiya fəaliyyətində elektron nəzarət vasitələrinin – elektron qolbağın tətbiqi, elektron ədliyyə köşkü və digər innovasiyalar barədə ətraflı məlumat verib.
Dövlətimizin başçısının aprelin 3-də imzaladığı "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanın bu istiqamətdə işlərin yeni mərhələsi olmaqla daha sistemli və müasir çağırışlara uyğun həyata keçirilməsinə, qabaqcıl texnologiyaların geniş tətbiqinə təkan verdiyi vurğulanaraq bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsini şərtləndirdiyi qeyd olunub.
CISCO-nun vitse-prezidenti vurğulayıb ki, Azərbaycanda həm möhkəm sabitlik var, həm də ölkə Prezidenti dünyada nadir liderlərdəndir ki, müasirliyə, rəqəmsallaşmaya xüsusi önəm verir və bu, dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Bütün bunları nəzərə alaraq Azərbaycanla əməkdaşlıq etmək bizim əsas prioritetlərimizdəndir.
Qonaq, həmçinin dövlətimizin başçısı ilə görüşlərində Prezident tərəfindən ölkədə bütün sahələrdə, o cümlədən ədliyyə fəaliyyətində müasir texnologiyaların tətbiqinə böyük diqqət göstərildiyinin və bunun təzahürü olaraq Azərbaycana səfərlər edərkən dinamik proqresə nail olunmasının şahidi olduğunu söyləyib. Q.Didrix ədliyyə və məhkəmə sistemində yenilikləri böyük maraqla qarşılayaraq əldə olunan nailiyyətlərdən heyranlığını ifadə edib və bu münasibətlə Azərbaycan tərəfini təbrik edib. O, ölkəmizin qabaqcıl təcrübəsinin bir çox digər dövlətlər üçün örnək olmaqla faydasını vurğulayıb, qarşılıqlı fəaliyyətin genişləndirilməsinə və həyata keçirilən islahatlara dəstək verməyə hazır olduqlarını qeyd edib.
Görüşdə CISCO şirkətinin ədliyyə və məhkəmə sistemində həyata keçirdiyi layihələr, o cümlədən IT texnologiyaları üzrə tədris və digər qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qonaqlar nazirlikdə ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Sosial 2019-04-25 19:44:00