×
A
A
A
Sazlamalar

Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 10,7 milyon manat güzəştli kredit verilib YENİLƏNİB

Bakı, 25 aprel, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun aprelin 25-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində keçirdiyi işgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 10,7 milyon manat güzəştli kredit verilib.
AZƏRTAC xəbər verir ki, bu kreditlər heyvandarlıq, quşçuluq, müasir istixana kompleksinin yaradılması və sair sahələrə yönəldiləcək, investisiya layihələrinin reallaşdırılması 300-dək yeni iş yerinin açılmasına imkan yaradacaq.
Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan zeytunçuluq və istixana təsərrüfatlarının yaradılması, badam bağının salınması, ət kəsimi və corab istehsalı müəssisələrinin yaradılması, startap layihələrinin maliyyələşdirilməsi üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Prezident İlham Əliyevin "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır" strateji kursuna uyğun olaraq, özəl sektorun sürətli inkişafına nail olunduğunu, sahibkarlıq fəaliyyətinin daha da genişlənməsi üçün sistemli və ardıcıl tədbirlərin, kompleks islahatların həyata keçirildiyini, əlverişli işgüzar mühitin yaradıldığını vurğulayıb. Diqqətə çatdırılıb ki, dövlət başçısının Sərəncamı ilə təsis olunan və artıq dördüncü ildir qeyd edilən Sahibkarlar Günü də sahibkarlığa göstərilən böyük diqqət və qayğının daha bir nümunəsidir.
S.Məmmədov özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri, Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında, Bakı qəsəbələrində və regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib. Qeyd edilib ki, indiyədək Bakı şəhəri, həmçinin onun kənd və qəsəbələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2500-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 600 milyon manat güzəştli kredit verilib.
Hazırda sahibkarlığın güzəştli qaydada maliyyələşdirilməsinin davam etdirildiyini vurğulayan nazir müavini bildirib ki, respublika üzrə bu ilin ötən dövründə investisiya dəyəri 145,7 milyon manat olan 215 investisiya layihəsinin maliyyələşdirilməsinə 33,7 milyon manat güzəştli kredit ayrılıb.
Forum çərçivəsində Xəzər rayonunda Sahibkarlığın İnkişafı Fondunun xətti ilə verilmiş güzəştli kreditlərdən istifadə etməklə yaradılmış müasir istixana kompleksinə baxış keçirilib. Ümumilikdə, indiyədək 409 hektar ərazidə 69 müasir istixana kompleksinin yaradılmasına 248,4 milyon manat güzəştli kredit verilib. Dövlətin maliyyə dəstəyi ilə müasir istixanaların yaradılması tərəvəz məhsulları istehsalının və ixracının artırılması imkanlarını daha da genişləndirir.

İqtisadiyyat 2019-04-25 17:14:00