×
A
A
A
Sazlamalar

Azərbaycanın səfiri etimadnaməsini Portuqaliya Prezidentinə təqdim edib

Lissabon, 23 aprel, AZƏRTAC
Azərbaycanın Portuqaliyadakı səfiri Oktay Qurbanov etimadnaməsini bu ölkənin Prezidenti Marselo Rebelo de Souzaya təqdim edib.
AZƏRTAC xəbər verir ki, qısa söhbət zamanı səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Portuqaliya Prezidentinə çatdırıb, iki ölkə arasında əlaqələrin daha da inkişafı məqsədilə səylərini əsirgəməyəcəyini vurğulayıb.
Azərbaycan səfiri iki ölkə arasında əlaqələrin inkişaf səviyyəsindən məmnunluğunu ifadə edib, ölkəmizin Avropa İttifaqı ilə münasibətlərə, o cümlədən Portuqaliya Respublikası ilə əməkdaşlığa xüsusi önəm verdiyini diqqətə çatdırıb. Diplomat Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycanın həyata keçirdiyi uğurlu layihələrdən bəhs edib.
Görüşdə iki ölkə arasında iqtisadiyyat və turizm sahələrində əməkdaşlıq üçün geniş imkanların mövcudluğu və bu potensialın xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etməsinin zəruriliyi vurğulanıb.
Azərbaycan Prezidentinin salamlarına görə minnətdarlığını bildirən Prezident Marselo Rebelo de Souza onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Azərbaycanın Avropa İttifaqı üçün vacib tərəfdaş olduğunu qeyd edən Portuqaliya Prezidenti səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon

Siyasət 2019-04-23 19:24:00