×
A
A
A
Sazlamalar

Tom Butçer: Bakı şəhər halqası Formula 1 yarışlarına tam hazırdır VİDEO

Bakı, 23 aprel, AZƏRTAC

Aprelin 23-də yerli KİV nümayəndələri üçün Formula 1 Azərbaycan Qran-Prisinin keçiriləcəyi Bakı şəhər halqasına media-tur təşkil olunub.
AZƏRTAC xəbər verir ki, media nümayəndələri əvvəlcə “Paddock”da görülən işlərlə tanış olublar.
Formula 1 yarışlarının ölkəmizdə təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin yarış obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer bildirib ki, üç aydan çox intensiv şəkildə işləyirdik və artıq yarışlara hazırıq. Hazırda bəzi xırda işlər görülür. Formula 1 və Beynəlxalq Avtomobil Federasiyalarının rəsmiləri də yarışa tam hazırdır.
“Çalışırıq ki, yarışı əvvəlki illərdə olduğu kimi yaxşı təşkil edək. Yolları tam bağlamazdan əvvəl görülməyən bir sıra işlər vardı. Bəzi yerlərdə sədd və qapılar quraşdırdıq, rəngləmə işləri apardıq. Həmçinin künc hissələrdə təhlükəsizlik məqsədi ilə əlavə baryerlər quraşdırdıq. Hazırda da bu kimi işlərlə məşğuluq”- deyə Tom Butçer məlumat verib.
Komandaların hazırda öz qarajlarını hazır vəziyyətə gətirməklə məşğul olduqlarını söyləyən avstraliyalı mütəxəssis qeyd edib ki, ötən həftədən başlayaraq komandaların yükləri hava, quru və su yolu ilə Bakıya gətirilir. Tezliklə pilotları da Bakıda görə biləcəyik.
Sonra media nümayəndələri xüsusi avtomobillə Bakı şəhər halqasında dövrə vurublar.
Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi aprelin 26–28-də Bakı şəhər halqasında keçiriləcək.

İdman 2019-04-23 14:36:00

Video