×
A
A
A
Sazlamalar

Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən sürücü tutularaq istintaqa cəlb edilib

Bakı, 23 aprel, AZƏRTAC
Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü rayonun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa cəlb edilib.
Bakı Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, aprelin 23-də paytaxtın Xətai rayonu, Neapol küçəsində yolu keçmək istəyən piyada 1983-cü il təvəllüdlü Ağayev Şamo Firudin oğlunun 1972-ci il təvəllüdlü Babayev Aqil Zalış oğlunun idarə etdiyi “Audi A8” markalı, 10-SR-111 dövlət qeydiyyat nişanlı avtomobillə vurulması, aldığı xəsarətlərdən piyadanın ölümünə səbəb olması və hadisə yerindən qaçması faktına görə Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində aprelin 23-də A.Babayev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Hadisə 2019-04-23 12:37:00