Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə

Bakı, 23 aprel, AZƏRTAC 

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin III ixtisas qrupu imtahanı ilə yanaşı, Dini-Psixoloji Komissiyanın (DPK) təşkil etdiyi qabiliyyət imtahanından keçmələri də nəzərdə tutulur. Qabiliyyət imtahanına buraxılış balı 150 (yüz əlli) olaraq müəyyənləşdirilib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, DPK Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qabiliyyət imtahanlarını keçirmək məqsədilə yaradılıb və tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər, psixoloqlar və DİM-in əməkdaşları daxil edilib.
Qabiliyyət imtahanı zamanı abituriyentlərin ümumi bilikləri, dini təsəvvürləri, psixoloji vəziyyətləri, yaradıcı təfəkkür imkanları xüsusi psixoloji metod ilə müsahibə əsasında müəyyənləşdirilir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul” olaraq qiymətləndirilir. Məqbul qiymət alan abituriyentlər DİM tərəfindən keçirilən islamşünaslıq üzrə ixtisas seçimində iştirak edə bilərlər. Abituriyentlər DİM-in müəyyənləşdirdiyi vaxtda ixtisas seçərək ərizələrini təsdiq etməlidirlər. Əks halda, həmin abituriyentlər müsabiqəyə buraxılmayacaq.
Qabiliyyət imtahanında abituriyentlərin aşağıda qeyd olunan istiqamətlərdə bilikləri qiymətləndiriləcək:
- dünyagörüşü və dini bilikləri;
- dini baxışlar və dünyəvilik anlayışı;
- psixoloji parametrlərinin İslamşünaslıq ixtisasına uyğunluğu;
- tolerantlıq və multikulturalizm təsəvvürləri.
Xatırladaq ki, Aİİ-nin islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər iyulun 27-dən avqustun 2-dək qabiliyyət imtahanı verəcəklər.

Elm və təhsil 2019-04-23 12:34:00