×
A
A
A
Sazlamalar

ABŞ Dövlət Departamenti amerikalı turistləri Şri-Lankada yeni terror aktlarının baş verə biləcəyi barədə xəbərdar edib

Vaşinqton, 23 aprel, AZƏRTAC

ABŞ Dövlət Departamenti hazırda Şri-Lankada olan və bu ölkəyə səyahət planlaşdıran amerikalılara xəbərdarlıq edib ki, adada yeni terror aktları baş verə bilər.
AZƏRTAC xəbər verir ki, Dövlət Departamenti onları “daha ehtiyatlı” olmağa çağırıb. “Terrorçu qruplar Şri-Lankada mümkün hücumları planlaşdırmaqda davam edirlər. Onlar turizm obyektlərini, nəqliyyat qovşaqlarını, bazarları, ticarət mərkəzlərini, yerli hakimiyyət orqanlarını, otelləri, klubları, restoranları, dini icmaları, parkları, iri idman və mədəniyyət tədbirlərini, təhsil müəssisələrini, aeroportları və digər ictimai yerləri hədəf seçərək xəbərdarlıq etmədən hücuma keçə bilərlər”, - deyə ABŞ xarici siyasət qurumunun bəyanatında bildirilir.
Xatırladaq ki, Şri-Lankada Pasxa bayramına düşən bazar günü bir neçə partlayış törədilib, nəticədə 300-dən çox adam həlak olub, 500-dən artıq adam isə yaralanıb. Ölənlər arasında azı dörd ABŞ vətəndaşı olub. Hadisədə 40-dək adam şübhəli qismində həbs edilib.


Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

Dünya 2019-04-23 12:23:00