×
A
A
A
Sazlamalar

ADMİU-da Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsi yekunlaşıb

Bakı, 23 aprel, AZƏRTAC 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “Hüsnü-cəmal, əqli kamal” adlı ali məktəblərarası bədii qiraət müsabiqəsi yekunlaşıb.
ADMİU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqənin birinci mükafatını universitetin dram rejissoru ixtisası üzrə IV kurs tələbəsi Ümid Abbaszadə və Bakı Ali Neft Məktəbinin tələbəsi Nilüfər Əsgərzadə qazanıb. İkinci yerə ADMİU-nun teatr və kino aktyoru ixtisası üzrə təhsil alan Novruz Şahverdiyev və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi İlham Quliyev layiq görülüb.
Müsabiqənin üçüncü mükafatı universitetin teatr və kino aktyoru ixtisası üzrə tələbəsi Sabirə Abdullayevaya və Sumqayıt Dövlət Universitetinin tələbəsi Əliyar Rəfiyevə təqdim olunub. Nadir Rzazadə (Bakı Dövlət Universiteti), Namiq Hüseynov (Fövqəladə Hallar Nazirliyinin Akademiyası), Fərid Bağırov və Əbülfəz İsgəndərov (ADMİU) müsabiqənin həvəsləndirici mükafatlarına layiq görülüblər. Bakı Ali Neft Məktəbinin tələbəsi Səbinə Əliverdiyevaya rus dilində, Azərbaycan Dillər Universitetinin tələbələri Kəmalə Həsənovaya və Kənan Abdullayevə isə ingilis dilində ifaya görə xüsusi nominasiya üzrə mükafat təqdim edilib.
ADMİU-nun rektoru, professor Ceyran Mahmudova qalibləri təbrik edərək deyib: “Üç həftə ərzində Nəsimi poeziyası ilə yaşayırdıq. Üç həftə idi ki, beynimizdə Nəsiminin misraları dolaşırdı. Mənim həyatımda bu müsabiqə çox əlamətdar oldu. Təəssüf ki, zaman öz sürətini itiləşdirib və biz getdikcə mütaliəyə daha az vaxt ayırırıq. Bu günlərdə isə tələbələrimizi dinləyərkən yenidən Nəsimi poeziyası ilə təmasda olduq. Şəxsən mən bu günləri heç vaxt unutmayacağam. Çox xoş idi ki, Azərbaycanın bir çox ali məktəbləri dəvətimizi qəbul edərək müsabiqədə fəal iştirak etdi. Həmin ali məktəblərin rəhbərlərinə, müəllimlərinə, bir sözlə, gəncləri bu müsabiqəyə hazırlayan hər kəsə universitetimiz adından öz dərin minnətdarlığımı bildirəm. Təbii ki, bizim universitetdə çalışan müəllimlərə, bu müsabiqənin həyata keçirilməsində əməyi keçən hamıya təşəkkürümü bildirirəm. Yəqin mənimlə razılaşarsınız ki, bu günə görə o zəhmətə dəyərdi”.
Sonra professor Ceyran Mahmudova müsabiqənin qaliblərinə və laureatlarına diplom və pul mükafatı təqdim edib.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov ADMİU-nun rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirib. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə “Nəsimi” bədii filmi çəkilib, paytaxtın rayonlarından birinə mütəfəkkir şairin adı verilib, onun xatirəsini əbədiləşdirmək məqsədilə heykəli qoyulub. Elmar Qasımov “Nəsimi ili”ndə ADMİU-nun bu cür təşəbbüs irəli sürdüyünü yüksək dəyərləndirib və qalibləri təbrik edib.
Sonra tədbir bədii hissə ilə davam edib. Qala konsertdə ADMİU-nun musiqi sənəti fakültəsinin müəllim və tələbələri, müsabiqənin laureatları çıxış ediblər. Universitetin tələbələri Nəsiminin sözləri əsasında E.Sabitoğlunun “Eylədi”, “Nəsimi” bədii filmindən Tofiq Quliyevin “Söylədi yox, yox” və Süleyman Ələsgərovun “Neylərəm” mahnılarını ifa ediblər. Xalq artisti Gülyanaq Məmmədova və ADMİU “SABAH” qruplarının aktyor sənəti ixtisası üzrə III kurs tələbəsi Mirsənan Kazımovun ifasında “Segah təsnifi”, muğam sənəti kafedrasının müdiri, Xalq artisti Teyyub Aslanovun tələbələri ilə birlikdə ifa etdiyi “Qafil, oyan” kompozisiyası, həmçinin laureatların səsləndirdikləri Nəsimi qəzəlləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

Elm və təhsil 2019-04-23 12:21:00