×
A
A
A
Sazlamalar

Zərdabda narkomaniyaya və erkən nikaha qarşı maarifləndirici tədbir keçirilib

Bakı, 23 aprel, AZƏRTAC 

Aprelin 23-də Zərdab rayonunun Pərvanlı kənd orta məktəbində “Narkomaniyaya yox deyək” və “Erkən nikahın fəsadları” mövzularında polis əməkdaşlarının şagirdlərlə görüşü keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə təhsil şöbəsinin əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Rayon polis şöbəsinin rəisi, polis mayoru Azər Əfəndiyev çıxış edərək narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və onların səbəb olduğu fəsadlardan bəhs edib. Polis rəisi bildirib ki, yeniyetmələrin zərərli vərdişlərə meyil göstərməsinin qarşısını almaq üçün valideynlər və müəllimlər birgə fəaliyyət göstərməli, məktəblilərin asudə vaxtlarının səmərəli təşkilinə diqqət yetirməlidirlər. A.Əfəndiyev ölkəmizdə narkomaniyaya qarşı hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizədən danışıb.
Tədbirdə erkən nikahın fəsadları məsələsinə də toxunulub. Rayon polis şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi, polis mayoru Emin Kərimov qeyd edilən mənfi hallara qarşı sərt mübarizənin aparılmasının, təhsil müəssisələrində, ictimai yerlərdə, kütləvi informasiya vasitələrində davamlı izahat-maarifləndirmə və ictimai qınaq tədbirlərinin keçirilməsinin vacibliyini vurğulayıb.
Şagirdlərə “Narkomaniyaya yox deyək” və “Erkən nikahın fəsadları” mövzusunda hazırlanan videoçarxlar nümayiş etdirilib. Görüntülər əsasında şagirdlərlə polislər arasında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Fərqlənən şagirdlərə Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hədiyyələr təqdim olunub.

Hadisə 2019-04-23 12:18:00