×
A
A
A
Sazlamalar

Üç ayda Naxçıvanda əsas kapitala 188,7 milyon manat vəsait yönəldilib

Naxçıvan, 23 aprel, AZƏRTAC

Muxtar respublikada cari ilin yanvar-mart aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 188 milyon 714 min manat vəsait yönəldilib. Vəsait qoyuluşlarının 176 milyon 543 min manatı və ya 93,6 faizi tikinti-quraşdırma işlərində istifadə edilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, birinci rübdə muxtar respublikada 34 müxtəlif təyinatlı obyekt tikilib, yenidən qurulub və ya əsaslı təmir olunub, 145 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilir.
Yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi tədbirlərinə uyğun olaraq 3 ayda iki kənd mərkəzi istifadəyə verilib, 2 kənd mərkəzinin inşası davam etdirilib, 7 kənd mərkəzinin inşasına başlanılıb.
Muxtar respublikada bir yaşayış binasının tikintisi başa çatdırılıb, 6 yaşayış binasının tikintisi, 3 yaşayış binasının yenidən qurulması davam etdirilib, bir yaşayış binasının yenidən qurulmasına başlanılıb.
Babək, Ordubad, Kəngərli və Sədərək rayon mərkəzlərində və ətraf kəndlərdə içməli su təchizatı və kanalizasiya sistemlərinin tikintisi davam etdirilib, Şərur rayonunun Zeyvə və Düdəngə kəndlərində içməli su şəbəkəsinin tikintisinə başlanılıb.
Əhalinin həyat səviyyəsinin yaxşılaşması fərdi yaşayış evlərinin tikintisinə də müsbət təsir göstərib. Yanvar-mart aylarında muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına, ümumilikdə 94 min 643 kvadratmetr yaşayış sahəsi istifadəyə verilib ki, bu da bir il əvvəlki göstəricidən çoxdur.

 

Regionlar 2019-04-23 11:36:00