×
A
A
A
Sazlamalar

“ASAN xidmət”in 108 “Çağrı mərkəzi”nə 3 milyonuncu zəng qeydə alınıb YENİLƏNİB VİDEO

Bakı, 23 aprel, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 108 “Çağrı mərkəzi”nə 3 milyonuncu zəng daxil olub. Bu zəngin sahibi Tünzalə Kərimovadır.
AZƏRTAC xəbər verir ki, 3 milyonuncu zəngin sahibi kimi Tünzalə Kərimova təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.
T.Kərimova övladının şəxsiyyət vəsiqəsini zədələdiyini və həmin sənədi yenidən almaq üçün dövlət rüsumunun məbləğini öyrənmək üçün “Çağrı mərkəzi”nə zəng etdiyini bildirib. O, üç milyonuncu müraciətin sahibi olduğunu biləndə sevindiyini deyib. Göstərilən xidmətlərdən razılığını bildirən T.Kərimova quruma təşəkkür edib.
“Çağrı mərkəzi”nin əməkdaşı Günel Vəliyeva gün ərzində təxminən 5 mindən çox zəng qəbul edildiyini və bir əməkdaşa təxminən 200 zəngin düşdüyünü deyib: “Bu günə qədər ümumilikdə 3 milyon müraciət qəbul olunub. Çox sevinirəm ki, 3 milyonuncu zəngi mən qəbul etmişəm. Müraciətin sahibini də buna görə təbrik edirəm”.
Qeyd edək ki, 2013-cü il fevralın 1-dən fəaliyyətə başlayan 108 “Çağrı mərkəzi” “ASAN xidmət”, “ASAN Kommunal” mərkəzlərinin, Elektron Hökumətin İnkişafı Mərkəzi və “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə bağlı informasiya xidmətinin göstərilməsini, xidmətlərlə bağlı şikayət və təkliflərin qəbul olunmasını həyata keçirir.
Mərkəz səsboğucu funksiyaları nəzərə alınmaqla masalar, kompüterlər, zəruri proqram təminatları, qanunvericilik bazası, müraciət edənlər barədə asan və tez məlumat almaq imkanı olan məlumat bazası və digər müasir texniki avadanlıqlarla təchiz olunub. Xidmətdə ən son yeniliklər tətbiq olunub, geniş imkanları olan “Cisco UCCE” telefoniya sistemindən istifadə edilir.
Hazırda 108 “Çağrı mərkəzi” vasitəsilə müraciətlərin qəbulu həftənin bazar ertəsi - cümə günləri saat 09:00-dan 18:00-dək, şənbə günü 09:00-dan 13:00-dək həyata keçirilir. Eyni zamanda, bayram və istirahət günlərində 24 saat avtomatlaşdırılmış rejimdə səsli məlumatlandırma sistemi vasitəsilə xidmət göstərilir.
Respublikanın istənilən regionundan stasionar telefonlardan 108 nömrəsini yığmaqla “Çağrı mərkəzi”nin xidmətlərindən ödənişsiz yararlanmaq mümkündür.

Sosial 2019-04-23 11:18:00

Video