Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 62 santimetr artıb

Bakı, 22 aprel, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində yağan intensiv yağışlar nəticəsində respublikanın əksər çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan az olmaqla normanın 60, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 50-100, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla 150-300 faizini təşkil edir.
Departamentdən AZƏRTAC-a bildiriblər ki, aprelin 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 385 kubmetr təşkil edir ki, bu da ongünlük normadan az olmaqla onun 54 faizinə bərabərdir.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 26 santimetr azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 222 kubmetrə bərabərdir. Bu da ongünlük normadan çox olmaqla onun 125 faizini təşkil edir.
Ötən günlər ərzində ölkə ərazisində yağan intensiv yağışlar nəticəsində Kür çayının sağ və sol qollarında sululuq artaraq çayın aşağı axınında suyun səviyyəsinin yüksəlməsinə səbəb olub. Hazırda suyun səviyyəsinin artmasına baxmayaraq, Kür çayının aşağı axınında sabit sululuq müşahidə edilir. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 62 santimetr artaraq 538 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 54 santimetr artaraq 269 santimetrə bərabər olub. Salyanda suyun səviyyəsi 40 santimetr artıb və 287 santimetr olub. Bankə məntəqəsində suyun səviyyəsi 12 santimetr artaraq 210 santimetr təşkil edib. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 70 santimetr artaraq 290 santimetrə bərabər olub.

Ekologiya 2019-04-22 18:48:00