×
A
A
A
Sazlamalar

Ağcabədi, Beyləqan və Füzulidə buraxılış imtahanları uğurla başa çatıb

Beyləqan, 21 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin aprelin 21-də qurumun Bərdə regional bölməsinin əhatə etdiyi Ağcabədi, Beyləqan və Füzuli rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanı uğurla başa çatıb.
Bərdə regional bölməsinin müdiri Elton Süleymanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, imtahanların keçirilməsi üçün 7 imtahan mərkəzi ayrılıb. İmtahanlarda Ağcabədi rayonu üzrə 1241, Beyləqan rayonu üzrə 823, Füzuli rayonu üzrə 685 nəfər şagirdin iştirakı nəzərdə tutulub. İmtahanlar bu rayonlarda 7 ümumi imtahan rəhbəri, 23 imtahan rəhbəri, 251 nəzarətçi‑müəllim tərəfindən idarə olunub.
İmtahanda şagirdlərin bilik və bacarıqlarını yoxlamaq məqsədilə tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə, ümumilikdə, 85 tapşırıq təqdim edilib. Üç saat davam edən imtahanlar mövcud təlimata uyğun keçib və hər hansı qanun pozuntusuna yol verilmədən vaxtında başa çatıb.
Təhlükəsizliyin təminatı məqsədilə imtahan keçirilən binalara polis və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, tibb işçiləri cəlb olunub.

Regionlar 2019-04-21 15:31:00