×
A
A
A
Sazlamalar

Gəncə Dövlət Universitetində Respublika bədii yaradıcılıq festivalının baxış turu təşkil olunub

Gəncə, 21 aprel, Rauf Hacıyev, AZƏRTAC

Gəncə Dövlət Universitetində (GDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş Respublika bədii yaradıcılıq festivalının baxış turu keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ali, orta və ilk peşə təhsili müəssisələrinin şagird və tələbələri arasında bədii yaradıcılıq festivalının keçirilməsində məqsəd gənclərimizi milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda, incəsənət sahəsindəki istedadları üzə çıxarmaq və inkişaf etdirməkdir.
GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva müsabiqəyə qatılan gənclərə yaradıcılıq uğurları arzulayıb. O, gənclərin asudə vaxtlarının səmərəli təşkilində, onların hərtərəfli formalaşmasında, yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasında bu cür müsabiqələrin əvəzsiz olduğunu, sağlam və yaradıcı təfəkkürlü gənclərə bütün zamanlarda ciddi ehtiyac duyulduğunu bildirib.
Sonra Gəncə Dövlət Universiteti tələbələrinin "Ozan" folklor vokal ansamblı, "Gəncəm" vokal qrupu, tələbə xor kollektivi, "Şur" instrumental ansamblının üzvləri münsiflər qarşısında çıxış ediblər.
Universitet tələbələrinin ifasında mahnılar oxunub, şeirlər səslənib, rəqslər nümayiş olunub.
Bədii yaradıcılıq kollektivlərinin rəhbəri professor Sevda Qurbanəliyeva, xormeystr Zemfira Məmmədova, dirijor Leyla Nəbiyeva, Xalq artisti Sevinc İbrahimova və konsertmeystr Şövkət Bayramova tərəfindən hazırlanan konsert proqramı bəstəkar Nailə Mirməmmədli, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının baş rejissoru Hafiz Quliyev və münsiflər heyətinin digər üzvləri tərəfindən bəyənilib.
Yaradıcılıq festivalının baxış turunda istedadı ilə seçilən tələbə-gənclər mayın 7-də Bakıda keçiriləcək qala konsertdə iştirak etmək hüququ qazanıblar.

Regionlar 2019-04-21 14:36:00