×
A
A
A
Sazlamalar

Hindistanda fil beş nəfəri tapdalayaraq öldürüb

Bakı, 20 aprel, AZƏRTAC

Hindistanda filin iki kəndə hücumu nəticəsində beş nəfər həlak olub.
AZƏRTAC “Hindu” nəşrinə istinadla xəbər verir ki, Sandha kəndində fil evlərinin eyvanında yatan bir ailənin üç üzvünə hücum edib. Onların hamısı yerindəcə ölüb. Sonradan həmin kənddə daha bir qadın filin qurbanı olub. Bundan bir saat sonra qonşu Santapada kəndində növbəti ölüm faktı qeydə alınıb.
Orissa ştatının Vəhşi Təbiət Cəmiyyətinin nümayəndəsinin sözlərinə görə, fil aqressiv vəziyyətdədir və daha çox insana hücum edə bilər. O, hakimiyyət orqanlarını heyvanı tutaraq sonrakı hücumların qarşısını almağa çağırıb.
Qeyd edək ki, Orissa ştatında fillərin insanlara hücumu ilə bağlı çoxsaylı faktlar var. Ştatının Vəhşi Təbiət Cəmiyyətinin məlumatına əsasən, son 9 ildə regionda 694 fil və 661 insan həlak olub. Hindistan hökuməti vəhşi heyvanların hücumu nəticəsində həyatını itirən insanların ailələrinə 400 min rupi (5,7 min dollar) kompensasiya verir.

Dünya 2019-04-20 19:56:00