×
A
A
A
Sazlamalar

Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub

Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 20-də Bakı Kitab Mərkəzində musiqişünas alim, professor Zümrüd Dadaşzadənin “Məhəbbətlə doğulmuşam. Ədilə Hüseynzadə” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva açaraq təqdimatı keçirilən kitabın hamı üçün maraqlı olacağını söyləyib. Bildirib ki, Zümrüd xanım çox gözəl musiqişünas alimdir və buna görə də onun hər zaman ərsəyə gətirdiyi kitablar çox dəyərli olur.
Təqdimatda Ədilə Hüseynzadənin tələbələri, həmkarları Elnarə Dadaşova, Lalə Hüseynova və başqaları çıxış edərək Ədilə Hüseynzadənin zahiri və daxili gözəlliyinin bir-birini tamamladığını, kübarlığı, istedadı, intellekt səviyyəsi ilə hər zaman seçildiyini söyləyiblər.
Bildirilib ki, Ədilə Hüseynzadə XX əsrin 40-cı illərində Üzeyir Hacıbəylinin təşəbbüsü və xeyir-duası ilə musiqi aləminə gəlib və bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın olub. O, bir çox janrlarda uğurla çalışaraq simfonik poema, simli kvartet, kantata, xor miniatürləri yaradıb. Bəstəkarın yaradıcılığında romans janrı daha çox üstünlük təşkil edir. Bəstəkarın romansları Azərbaycan musiqisinin unudulmaz inciləridir. Ədilə Hüseynzadə Nizami, Nəsimi, Füzuli, Natəvan, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Nigar Rəfibəylinin şeirlərinə musiqilər bəstələyib, Rəsul Rzanın şeirlərinə silsilə əsərlər yazıb. Bəstəkar gözəl səsə malik vokal ustası olub və “Arşın mal alan” filmində Asyanın vokal partiyasını məhz Ədilə Hüseynzadə ifa edib.
Qeyd edilib ki, görkəmli bəstəkar və pedaqoq, Əməkdar incəsənət xadimi Ədilə Hüseynzadənin zəngin həyat və yaradıcılıq yolu işıqlandırılan kitabda sənətkarın Azərbaycan musiqisi tarixində tutduğu şərəfli yerə, musiqi üslubunun özünəməxsus cəhətlərinin tədqiqinə xüsusi diqqət yetirilir. “Romans ustadı” - Ə.Hüseynzadənin vokal lirikası, “Duyğular” vokal silsiləsi ilk dəfə poetik mətinlə sıx təmasda müfəssəl təhlil edilir. İndiyədək işıq üzü görməyən arxiv materiallarının, fotoşəkillərin kitaba cəlb olunması bu nəşrə əlavə özəllik aşılayır.
Nəşrin müəllifi, professor Zümrüd Dadaşzadə çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. O, kitab ərsəyə gəlməsi ilə bağlı fikirlərini, habelə müəllimi ilə bağlı xatirələrini bölüşüb.
Tədbirin bədii hissəsində Xalq artisti Fidan Hacıyeva, beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə, Əməkdar artist Aleksey Miltıxinin ifasında bəstəkarın əsərləri səsləndirilib.

Mədəniyyət 2019-04-20 17:36:00