×
A
A
A
Sazlamalar

Moskvada “Günəş və işıq atları. Qarabağ atlarının dirçəlişi” adlı rəsm sərgisi açılıb

Moskva, 20 aprel, AZƏRTAC

Moskvada “Günəş və işıq atları. Qarabağ atlarının dirçəlişi” adlı rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, latış rəssam Datse Ştrausun nadir Qarabağ atlarını əks etdirən rəsmlərindən ibarət sərgi Moskvanın “Veqas” ticarət mərkəzində açılıb. Sərgidə rəssamın 40 əsəri nümayiş olunur. Rəssam tamaşaçılarına Qarabağ atlarının möhtəşəmliyi, şahanəliyi, fərqliliyini nümayiş etdirməklə sanki bu məşhur atların qan yaddaşında qalmış qəhrəmanlıq tarixinin dirçəlişinə işarə edir.
Bu D.Ştrausun Qarabağ atlarına həsr olunmuş rəsmlərinin ilk sərgisi deyil. Onun rəsmləri ötən il Bakıda da uğurla sərgilənib. Rəssamın əsərləri Latviya və Finlandiya sənətsevərlərinə də tanışdır.
Moskva sərgisi çərçivəsində həm də xeyriyyə aksiyası təşkil olunacaq. Aksiya iştirakçıları nadir at cinslərinin dirçəlişinə öz töhfəsini verə biləcəklər.
Datse Ştraus K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasını və Latviya Rəssamlıq Akademiyasını bitirib. Rəssam bir neçə ildir ki, Bakıda yaşayır.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Mədəniyyət 2019-04-20 17:12:00