×
A
A
A
Sazlamalar

İsmayıllıda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb

Bakı, 20 aprel, AZƏRTAC 

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, daxil olan məlumat əsasında rayonun Mücühəftəran kənd sakini Kamil Nəcəfov polislər tərəfindən saxlanılıb. Onun üzərində axtarış zamanı 7 ədəd kibrit qutusunda ümumi çəkisi 20,52 qram olan qurudulmuş marixuana aşkarlanıb. İlkin araşdırma zamanı K.Nəcəfovun həmin narkotik vasitəni İsmayıllı rayonu Xanagah kənd sakini, əvvəllər məhkum edilmiş Nəbi Əhmədovdan 130 manata aldığı və şəhər sakini, əvvəllər məhkum edilmiş Seymur Əhmədova satmaq istədiyi məlum olub.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər də şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər. S.Əhmədovun üzərindən 5,31 qram qurudulmuş marixuana, N.Əhmədovdan isə K.Nəcəfova satdığı narkotik vasitədən əldə etdiyi pulun bir hissəsi aşkarlanıb. Bundan başqa, Kamil Nəcəfovun Mücühəftəran kəndində yerləşən evinə baxış keçirilən zaman oradan 1,1 kiloqrama yaxın qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

 

Hadisə 2019-04-20 15:01:00