×
A
A
A
Sazlamalar

“Əli və Nino” filmi İndoneziyanın üç böyük şəhərində nümayiş olunacaq

Bakı, 20 aprel, AZƏRTAC
Aprelin 19-da İndoneziyada ənənəvi olaraq hər il keçirilən “Europe on Screen” film festivalı çərçivəsində “Erasmus” sərgi mədəniyyət kompleksində Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Əli və Nino” filminin paytaxt premyerası keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 18-30-da keçirilən 19-cu “Europe on Screen” film festivalı ərzində Avropanın 27 ölkəsinin 100-dən çox tam və qısametrajlı filmləri İndoneziyanın 8 böyük şəhərində nümayiş olunacaq. Festival çərçivəsində “Əli və Nino” filminin ikisi Cakarta şəhərində olmaqla, ümumilikdə dörd dəfə nümayişi nəzərdə tutulub. Film, həmçinin Medan və Surabaya şəhərlərində də nümayiş etdiriləcək.
Filmin paytaxt Cakartadakı premyerası zamanı nümayişdən əvvəl çıxış edən Azərbaycanın İndoneziyadakı müvəqqəti işlər vəkili Ruslan Nəsibov filmin Qurban Səidin 33 dilə tərcümə edilmiş eyniadlı romanı əsasında çəkildiyini qeyd edib. O bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu “Əli və Nino” filmi ülvi məhəbbətlə yanaşı, Azərbaycanda bir əsr əvvəl baş vermiş tarixi hadisələrdən, xüsusilə xalqımızın müstəqillik mübarizəsindən bəhs edir.
Film kinosevərlər tərəfindən olduqca böyük maraqla qarşılanıb.

Mədəniyyət 2019-04-20 13:37:00