×
A
A
A
Sazlamalar

“Elm” qəzetinin növbəti nömrəsində...

Bakı, 20 aprel, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, qəzetin birinci nömrəsində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevaya həsr olunan “Əvəzolunmaz insan haqqında povest” məqaləsi verilib. Məqalədə akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlardan, elmi fəaliyyətindən, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlardan söz açılıb. Bildirilib ki, alimin yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Birinci səhifədə, həmçinin mayın 1-də keçiriləcək AMEA-nın ümumi yığıncağı haqqında məlumat verilib.
Növbəti səhifədə “Akademik Nərgiz Paşayeva: İdrakın ilhamı mənəvi impulslardan güc alır” məqaləsi verilib. Məqalə M.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) “Universitetlər, cəmiyyət və bəşəriyyətin gələcəyi” mövzusunda keçirilmiş beynəlxalq forumda MDU-nun Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayevanın məruzəsinə həsr olunub.
Bundan başqa, oxucular “Layihənin yekunları müzakirə olundu”, “Kimya sahəsində əlaqələr genişlənir”, “Dəyərli tədqiqatçı, qayğıkeş insan”, “Nüfuzlu jurnallara elmi məqalə hazırlamağın yolları”, “Alimlərimiz EGU-2019 toplantısında”, “Epistemologiyanın elmdə rolu”, “Dəyərli töhfə” və digər məqalələrlə tanış ola bilərlər.

Elm və təhsil 2019-04-20 11:44:00