×
A
A
A
Sazlamalar

Meksikada ailə şənliyinin atəşə tutulması nəticəsində 13 nəfər ölüb

Bakı, 20 aprel, AZƏRTAC

Meksikanın cənub-şərqində yerləşən Verakrus ştatında bir qrup naməlum şəxs ailə şənliyi keçirilən salona daxil olaraq insanları atəşə tutub.
AZƏRTAC France Press agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində biri uşaq olmaqla 13 nəfər həlak olub, 4 nəfər yaralanıb. Ölənlərin 7-si kişi, 5-i isə qadındır.
Naməlum silahlı şəxslər müəssisənin sahibi ilə görüşmək istədiklərini bildirib və bundan sonra şənlik iştirakçılarına atəş açıblar. Cinayətin motivləri hələlik məlum deyil.
Verakrus ştatı Meksikanın ən təhlükəli regionlarından biridir. Son illər ölkədə ABŞ-a kokain tranzitinə nəzarət uğrunda mübarizə aparan çoxsaylı kartellerin rəqabəti fonunda zorakılıq dalğası baş qaldırıb. 2017-ci ildə törədilən qətllərin sayı 31 mini ötüb.

Dünya 2019-04-20 11:42:00