×
A
A
A
Sazlamalar

Pensiya təminatı haqqında Azərbaycanın təcrübəsi Daşkənddə keçirilən konfransda maraqla qarşılanıb

Daşkənd, 20 aprel, АZƏRTAC

Daşkənddə “Özbəkistanda pensiya islahatları: xarici ölkələrin təcrübəsi” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və digər ölkələrin nümayəndələri iştirak edib.
Tədbirdə ölkəmizi Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev təmsil edib.
Konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Moldovanın pensiya təminatı sistemi haqqında ətraflı məlumat verilib.
Azərbaycanın pensiya təminatından danışan Səfər Mehdiyev bildirib ki, bu sistem 2006-cı ildən fəaliyyət göstərir.
Bildirilib ki, 2017-ci il iyulun 1-dən ölkəmizdə kişilərin və qadınların pensiya yaşı 65-ə qaldırılıb. Bu proses mərhələlərlə həyata keçirilir, yəni hər il bu hədd altı ay artırılır. Əvvəl isə pensiya həddi kişilər üçün 63, qadınlar üçün 60 olub.
S.Mehdiyev deyib ki, hazırda Azərbaycanda 1 milyon 295 min pensiya alan adam var, bu da əhalinin 13 faizi deməkdir. Bildirilib ki, hazırda ölkəmizdə minimum pensiya 160 manat təşkil edir.
O deyib ki, 2019-cu il yanvarın 1-dən pensiya yaşına çatan vətəndaşlar (hazırda bu rəqəm kişilər üçün 64, qadınlar üçün 61-dir) ad günlərində SMS, e-mail və rəsmi məktub vasitəsilə nə vaxt pensiyaya çıxmaları haqqında məktub alırlar.
Pensiya təminatı haqqında Azərbaycanın təcrübəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Tədbirin sonunda ən çox sual məhz Azərbaycan nümayəndəsinə ünvanlanıb.


Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd

Sosial 2019-04-20 11:38:00