×
A
A
A
Sazlamalar

İntensiv qoyunçuluq təsərrüfatları üçün Romanov cinsi – Ekspert məqaləsi

Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Fermerlərə tövsiyə”

Bakı, 20 aprel, AZƏRTAC
Qoyunçuluq gəlirli sahədir. Ta qədimdən ənənəvi təsərrüfat sahəsi olan qoyunçuluqdan minlərlə heyvandar gəlir götürür, ailəsini saxlayır. Qoyun əti yüksək kaloriyə malikdir, odur ki, ilboyu əhalinin istehlakında xüsusi yer tutur. Əti ilə yanaşı, dərisi, südü, yunu təsərrüfatların əlavə gəlir mənbəyi hesab olunur, xarici ölkələrdə emal, gön-dəri sənayesini ildən-ilə gücləndirir. Qoyun həm də istehsal olunan məhsulun növ müxtəlifliyinə görə digər kənd təsərrüfatı heyvanları ilə müqayisədə üstündür.
AZƏRTAC aqrar ekspert Nicat Nəsirlinin intensiv qoyunçuluq təsərrüfatları üçün sərfəli olan Romanov cinsli qoyunların üstün cəhətlərinə dair məqaləsini təqdim edir.
Müasir heyvandarlıqda yanaşmalar çox dəyişib, lakin qoyunçuluq öz mövqeyini qoruyur, bunun əsas səbəblərindən biri də bu heyvanların bioloji xüsusiyyətləri ilə bağlıdır. Qoyunlar tez yetişkəndir, 5-6 aylıq yaşda cinsi həvəsə meyil etməklə, artıb-çoxalmağa qabil olur. Bir ildə iki bala verməsi heyvandarların gəlirlərinə böyük təsir göstərir. Yerli cinslərdən olan Qarabağ və Qaradolaq qoyunları daha çox bala verir, əkiz doğuma tez-tez rast gəlinir, hər 100 baş doğar qoyundan orta hesabla 120-130 baş quzu alınır. Bu qoyunlar 12-14 il yaşayır, 6-8 il ən yüksək məhsuldarlıq dövrüdür.
Qoyunçuluqla bağlı yaranmış vəziyyətin təhlili göstərir ki, hazırda respublikamızda qoyunçuluqda cins tərkibinin dəyişdirilməsinə ciddi ehtiyac var, xüsusilə südlük-ətlik qoyun cinsləri üzərində damazlıq-seleksiya işlərinin təşkili, süni mayalandırma, embrion köçürmə, qoyunların identifikasiya sisteminin qurulması vacibdir.
Son illər yerli sahibkarlarımızın xarici ölkələrdən məhsuldar cinslər gətirilməsinə böyük maraq göstərməsi bu sahənin ciddi biznes əsasının olduğunu deməyə əsas verir. Belə sahibkarlardan biri də Samux rayonundan olan Rasim Hümbətovdur. Ötən il Rusiyanın Volqoqrad vilayətindən 100 baş Romanov cinsindən olan qoyun gətirərək intensiv artırılmasına başlayıb. Artıq 300 başa çatmış təsərrüfatda onunla görüşdük, bu sahədə təcrübələri ilə maraqlandıq. Dedi ki, bu gün onlarla heyvandar Romanov cinsinə maraq göstərir, bu cinsin iqtisadi göstəriciləri onu da cəlb edib: “İldə iki dəfə boğazlıq dövrü var, hər dəfə 2 başdan 5 başa qədər bala verir. Quzularında erkək-dişi nisbəti bərabərdir. Saxlama xərcləri bizim cinslərə nisbətən xeyli aşağıdır, otarılma, qüvvəli yemləndirməyə tələbkar deyil, intensiv şəraitdə - qapalı bəsləmək mümkündür. Əti yağlı olmur, şəkər xəstələri üçün faydalıdır, tərkibində xolesterin səviyyəsi çox aşağıdır, qoyun ətinə məxsus spesifik iy bu Romanov cinsində yoxdur. Əti ilə yanaşı, dərisi, yunu emal üçün çox yararlıdır, yaxşı qazanc gətirir. Yerli iqlimə tez adaptasiya olur, aran bölgələrdə saxlamaq üçün əlverişlidir. Bax, bütün bu göstəricilərə görə, baş sayını daha da artıraraq təsərrüfatı böyütmək niyyətim var”.
Heyvandarın sözlərinə görə, yaxın vaxtlarda qoyunların satışını təşkil edərək bölgədəki təsərrüfatlarda yayılmasını hədəf seçib. Bu addım sürülərdə keyfiyyət göstəricilərinin yüksəlməsinə imkan verəcək. Lakin elə bilməyin ki, Romanov qoyunları “su qiyməti”nədir. Heyvandar ana qoyunları 450-500 manata, toğlular isə 250-300 manatdan satışa çıxaracaq.
Təsərrüfatın elmi-baytarlıq təminatını isə Göygöl rayonunda yerləşən Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu öz üzərinə götürüb. Təsərrüfata təhkim olunmuş institut əməkdaşları qoyunların yemləndirmə-bəsləmə, zootexniki xidmətlərinin həyata keçirilməsində heyvandara kömək edirlər.
Əməkdaşları ilə birgə təsərrüfata növbəti baxış keçirən institutun direktoru Mahir Hacıyev müşahidələrini bölüşdü: “Romanov qoyunları yüksək verimli cins kimi təsdiqlənib və son illər nəinki Azərbaycanda, hətta İran, Gürcüstan, Türkiyə ərazisində sürətlə yayılmaqdadır. Yarımqaba, xəzlik-yunluq heyvanlardır. Əməkdaşlarımız, başda baytar həkim Mehri Xəlilova olmaqla gündəlik olaraq qoyunlara nəzarət tədbirləri həyata keçirirlər, heyvandara məsləhətlər verir, yemləndirmə, müalicə-profilaktika tədbirlərini vaxtlı-vaxtında görürlər. Ümumiyyətlə, Romanov qoyunlarının mülayim iqlim zonalarında yetişdirilməsi məsləhətdir. Bu cins ağ ciyər xəstəliklərinə həssasdır, ona görə də küləkli iqlimlərdə bu heyvanlarda tələfat ola bilər. Tam qapalı bəsləmək mümkündür. Bu cinsə yaş qrupuna görə yem rasionu tətbiq olunmalıdır. İntensiv çəki artımına malikdir, yem rasionunu düzgün təşkil ediləndə balalarının hamısını ana südü ilə qidalandıra bilir. Gündəlik çəki artımı təxminən 150-200 qramdır. Hazırda əməkdaşlarımız müasir fermanın, mexanikləşdirilmiş şəkildə yemləndirmə sisteminin qurulması üçün heyvandara tövsiyələr verirlər”.
İnstitutun direktoru bildirdi ki, idxal olunmuş cinslərlə yanaşı, endemik cinslərin qorunub saxlanması da aktual məsələdir, buna görə də təsərrüfatında cins tərkibini dəyişdirmək istəyən hər bir sahibkar xaricdən heyvan gətirərkən bioloji təsərrüfat və seleksiya işlərinin aparılması üçün instituta müraciət etməlidir: “Respublikaya heyvan gətirən sahibkarların diqqətinə çatdırırıq ki, bu prosesi elmi müəssisələrlə əlaqələndirməlidirlər. Bir çox hallarda heyvanlar baytarlıq-sanitar, profilaktik tədbirlər aparılmadan təsərrüfatlara daxil olur, bu zaman özləri ilə elə xəstəliklər gətirir ki, mövcud vəziyyətdə müxtəlif xəstəliklər baş qaldıraraq yayıla bilir. Nəticədə, heyvandar böyük iqtisadi ziyana düşür. Bu cinslərin bioloji-təsərrüfat xüsusiyyətləri öyrənilməli, müalicə-profilaktika işinin düzgün aparılması təmin olunmalıdır”.
Təsərrüfata baxışda iştirak edən Samux rayon Baytarlıq İdarəsinin rəisi Elxan Rüstəmov isə deyir ki, Romanov cinsli qoyunlar yerli iqlimə tam uyğunlaşaraq təsərrüfat dövrünü ciddi xəstəliklərə yoluxmadan keçirir.
Qeyd edək ki, Rusiyanın Yaroslavl vilayətinə məxsus Romanov cinsi saf qoyun cinsidir, bir çox qoyun cinsləri kimi mələz sayılmır. Modifikasiya və digər seleksiya təcrübələrinə uğramayıb, cins potensialını qoruyub. Dünyanın ən məhsuldar qoyun cinsi sayılır, bir yaşında əkiz bala verir. Yeddi aylığında 45-50 kiloqram çəkidə olan qoyun yaxşı bəslənərsə, əkiz doğmaq qabiliyyətini davam etdirir. Təcrübələr göstərir ki, qoyun 7 aylığında da bala verir, lakin təbii balavermə dövrü 12 aydan sonradır. Bu qoyunlar bəslənmə, saxlama qaydalarından asılı olaraq daha çox bala da verə bilər.
Digər cinslərdən fərqli olaraq analıq duyğusunu ən yaxşı yerinə yetirən heyvandır. Balasını rədd etmək çox nadir hallarda rast gəlinir. Ən mühüm xüsusiyyətlərindən biri aerodinamik bədən quruluşuna görə doğum əsnasında çətinlik çəkməməsidir. Bu qoyunlar üçün balanslı bəslənmə və saxlama şərtləri mütləqdir, xaraktercə tənbəl cins deyil.

Kənd təsərrüfatı 2019-04-20 11:00:00