Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycan Fransada 178-ci Müqəddəs Parfe sərgi-yarmarkasında təmsil olunur VİDEO

Montro-Fot-Yonn, 20 aprel, AZƏRTAC

Fransadakı səfirliyimizin və Azərbaycan-Fransa Dialoqu Assosiasiyasının (ADFA) birgə təşkilatçılığı ilə bu ölkənin Sen və Marn departamentinin Montro-Fot-Yonn şəhərində 178-ci Müqəddəs Parfe sərgi-yarmarkasında ölkəmiz də təmsil olunur.
AZƏRTAC xəbər verir ki, sərgi-yarmarkanın açılış mərasimində Montro-Fot-Yonn şəhərinin meri Ceyms Şeron, Sen və Marn departamentinin deputatı Jan-Lui Tyerio, meriyanın qardaşlaşma komitəsinin sədri Gi Ankaua və meriya şurasının Azərbaycan üzrə nümayəndəsi Marqo Qomes dö Kastro, səfirliyimizin II katibi Fərid Soltanov, meriyanın əməkdaşları, bu şəhərlə qardaşlaşmış şəhərlərin merlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri, eləcə də yarmarkada təmsil olunan ölkə və şirkətlərin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edənlər səfirliyimizə yarmarkada iştirakına görə təşəkkür ediblər.
Yarmarkanın açılışından sonra Montro-Fot-Yonn şəhərinin meri Ceyms Şeronun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan stendini ziyarət edib. Stendimizdə nümayiş olunan milli şirniyyat və meyvə şirələrinin dadına baxdıqdan sonra mer C. Şeron ölkəmizin məhsullarının keyfiyyət və dadını yüksək qiymətləndirərək, Montro-Fot-Yonnda Azərbaycan məhsullarının satışının təşkilindən söz açıb.
“Bütün bu məhsullar, şirələr çox dadlıdır və keyfiyyətlidir. Azərbaycan məhsullarının şəhərimizdə satışını təşkil etmək üçün mağaza açmağa hazırıq. Ancaq çox istərdik ki, Azərbaycana gedib onun mədəniyyəti ilə yerində tanış olaq. Sıx əlaqələrimiz olan bu ölkəni yaxından tanıyaq, əməkdaşlığı genişləndirək”, -deyə C. Şeron bildirib.
Stendimizin bütün ziyarətçiləri məhsulların keyfiyyəti və dadını xüsusi qiymətləndiriblər. Ölkəmizi yaxından tanımaq, ölkəmizə səfər etmək istəklərini səsləndiriblər.
Azərbaycan stendində Heydər Əliyev Fondunun ölkəmizin tarixi və mədəniyyəti ilə bağlı nəşrləri, milli şirniyyatlarımız, nar şərabı, meyvə şirələri və mürəbbələri nümayiş olunub.
Müqəddəs Parfe yarmarkası aprelin 22-dək davam edəcək.
Qeyd edək ki, Montro-Fot-Yonn şəhəri Valldurn (Almaniya), Safi (Mərakeş), Paredes (Portuqaliya), Otley (Birləşmiş Krallıq), Aydın (Türkiyə) şəhərləri ilə qardaşlaşmış və sıx əlaqələr qurduğu Naxçıvan şəhəri ilə qardaşlaşmağa hazırlaşır.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Montro-Fot-Yonn

İqtisadiyyat 2019-04-20 00:59:00

Video