×
A
A
A
Sazlamalar

Tanınmış yazıçı-dramaturq Afaq Məsudun kitabı gürcü dilində nəşr olunub

Tbilisi, 19 aprel, AZƏRTAC

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin idarə heyətinin sədri, tanınmış yazıçı-dramaturq Afaq Məsudun kitabı Gürcüstanın “Merani” nəşriyyatında gürcü dilində çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, aprelin 19-da Gürcüstan Yazıçılar Birliyində kitabın təqdimat mərasimi olub.
Təqdimat mərasimində çıxış edən Gürcüstan Yazıçılar Evinin həmsədri Baqatur Arabuli deyib ki, kitaba yazıçının “Azadlıq” romanı, müxtəlif illərdə qələmə aldığı “Qəza”, “II İohan”, “Gecə”, “Şənbə gecəsi”, “Uydurma”, “Qu quşu”, “Kirxa”, “Dovşanın ölümü” və başqa hekayələri daxil edilib.
O, “Azadlıq” romanını müasir dünya ədəbiyyatının ən uğurlu əsərlərindən biri kimi qiymətləndirib.
Suxumi Dövlət Universitetinin prorektoru İndira Draqania çıxışında deyib ki, A.Məsudun “Can üstə” və “Sərçələr” hekayələri gürcü oxucusuna yaxşı tanışdır. Bu əsərlərdən heç biri nə süjet, nə də mövzu baxımından bir-birinə bənzəmir. A.Məsud yaradıcılığı öz rəngarəngliyi və üslubu ilə hər zaman seçilib.
Sonra o, yazıçı Afaq Məsuda xüsusi diplom təqdim edib.
Digər çıxış edənlər Afaq Məsudu Azərbaycanın böyük ədəbi simaları pleyadasının ən layiqli nümayəndələrindən biri adlandırıblar.
Çıxışlarda Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafından danışılıb, iki qardaş ölkənin yazıçı-dramaturqlarının əsərlərinin Azərbaycan və gürcü dillərinə tərcümə olunmasının vacibliyi vurğulanıb.
A.Məsud çıxış edərək kitabın ərsəyə gəlməsində əməyi olanlara və tədbirin təşkilatçılarına minnətdarlıq edib. O, eyni zamanda, kitabın işıq üzü görməsini həm Azərbaycan, həm də Gürcüstan üçün əlamətdar hadisə adlandırıb. Bildirib ki, ədəbiyyatların, mədəniyyətin yaratdığı dostluq körpüsü rahat və əbədi olur. Azərbaycan ədəbiyyatını bir sıra ölkələrdə, o cümlədən Gürcüstanda təbliğ etmək çox xoşdur.
Qeyd edək ki, kitabı gürcü dilinə İmir Məmmədli tərcümə edib.
B.Arabuli jurnalistlərə müsahibəsində deyib: “Azərbaycan xalqının müasir bədii ədəbiyyatını A.Məsudun parlaq yaradıcılığı olmadan təsəvvür etmək mümkün deyil. On bir hekayə və bir romandan ibarət olan bu kitab müəllifi böyük yazıçılarla bir sırada dayanan, ədəbiyyatda tamamilə fərqli bir yer tutan monumental bir simadır. O, həyatın bizə təqdim etdiyi ən mürəkkəb mövzulara cəsarətlə girişir və bir qayda olaraq, bu qeyri-bərabər döyüşdən həmişə qalib çıxır”.
Afaq Məsud jurnalistlərə müsahibəsində deyib: “Tarixboyu Azərbaycan və Gürcüstan yazıçıları arasında möhkəm dostluq münasibətləri olub. Azərbaycan ədəbiyyatı daim Gürcüstanda sevilib, oxunub. Bu gün də mənim kitabımın gürcü dilində təqdimatıdır. Bu bir daha gürcü dostlarımızın bizim ədəbiyyata marağını sübut edir”.
A.Məsud tanınmış gürcü yazıçılarının, şairlərinin də əsərlərinin Azərbaycan dilinə tərcümə olunduğunu qeyd edib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Mədəniyyət 2019-04-19 22:25:00