×
A
A
A
Sazlamalar

Daha bir bank “Caspian Energy Forum Tbilisi – 2019”un sponsoru olub

Bakı, 19 aprel, AZƏRTAC
“PASHA Bank Georgia” bu il mayın 7-də Tbilisidə keçiriləcək 8-ci Beynəlxalq “Caspian Energy Forum Tbilisi – 2019”un sponsoru olub.
Bu barədə AZƏRTAC-a “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
“Artıq hər il təşkil olunan forum bu gün iqtisadiyyatın müxtəlif sahələri üzrə layihələrin müzakirəsi üçün ənənəvi meydana çevrilib. Bu, Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq, həmçinin biznes-hökumət dialoqunun inkişafı, sahibkarlar arasında əlaqələrin qurulması, yeni ideya və layihələrin həyata keçirilməsi baxımından xüsusilə aktualdır”, - deyə “PASHA Bank Georgia”nın direktorlar şurasının sədri və baş icraçı direktoru Arda Arkun bildirib. O, “Caspian Energy Forum Tbilisi”nin təşkilinin vacibliyini vurğulayıb.
T.Əliyev bildirib ki, təşkilatçısı “Caspian Energy Georgia” olan Tbilisi forumu Gürcüstan Hökumətinin, Azərbaycanın Gürcüstandakı səfirliyinin, Kvemo Kartli regionunun qubernatorunun və “Caspian European Club”un dəstəyi ilə keçirilir. “Caspian Energy Forum Tbilisi – 2019”da sıralarında Gürcüstan və Azərbaycanın dövlət qurumlarının başçılarının, Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin, həmçinin iri beynəlxalq şirkətlərin, beynəlxalq maliyyə institutlarının rəhbərlərinin də yer aldığı dünyanın 30 ölkəsinin 300-dən çox nümayəndə iştirak edəcək.
Forumda Azərbaycanla Gürcüstanın enerji və iqtisadi layihələrinə həsr olunmuş plenar sessiyalar keçiriləcək. “Caspian Energy Forum Tbilisi – 2019”un əsas mövzularından biri Kvemo-Kartli regionunun iqtisadi inkişafıdır. Tədbirin proqramında kofe-breyk, işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub. Günün ikinci yarısında iştirakçılar üçün Kvemo-Kartlinin istehsalat obyektləri üzrə biznes-tur təşkil olunacaq.

İqtisadiyyat 2019-04-19 21:08:00