×
A
A
A
Sazlamalar

Portuqaliyada ölkəni yanacaqsız qoymuş tətil dayandırılıb

Lissabon, 19 aprel, AZƏRTAC

Portuqaliyada təhlükəli yükləri daşıyan sürücülərin həmkarlar ittifaqı tərəfindən təşkil edilmiş tətil nəticəsində ölkədə yaranmış yanacaq qıtlığı böyük ajiotaja səbəb olub. Yanacaqdoldurma stansiyalarında növbə gözləyən avtomobillər yol hərəkətinə mane olduğu üçün bir neçə yanacaqdoldurma stansiyasını bağlamaq lazım gəlib.
AZƏRTAC xəbər verir ki, Portuqaliya Milli İctimai Yük Nəqliyyatı Assosiasiyası ilə təhlükəli yüklər daşıyanların milli həmkarlar ittifaqı arasında 10 saat davam etmiş danışıqlardan sonra tətilçilərin nümayəndələri ölkəni iflic vəziyyətinə salmış tətilin dayandırılmasına razılıq veriblər.
Tətilin davam etdiyi dörd gün ərzində ölkə demək olar ki, yanacaqsız qalıb. Yanacaqdoldurma stansiyaların yarıdan çoxunda yanacaq yoxdur. Portuqaliya hava limanlarında yanacağın çatışmaması üzündən Lissabondan və Farodan uçan onlarca təyyarə yanacaq doldurmaq üçün Sevilyada və Sanytaqo-de-Kompostelada enməyə məcbur olublar.
İnfrastruktur və mənzil tikintisi naziri Pedro Nunna Santos KİV nümayəndələri qarşısında sıxış edərək bildirib ki, tətil başa çatsa da, normal həyat şəraitinə qayıdış tədricən baş verəcək, çünki ölkədəki bütün yanacaqdoldurma stansiyalarını yanacaqla təchiz etmək üçün bir neçə gün vaxt lazımdır.
Milli İctimai Yük Nəqliyyatı Assosiasiyasının prezidenti Paulo Duarte bu fikri təsdiqləyərək bildirib ki, daşıyıcılar günün ikinci yarısında öz işlərini yerinə yetirmək üçün qayıtsalar da, vəziyyət yalnız gələn həftə çərşənbə axşamına qədər normallaşacaq.
Hazırda Portuqaliyadakı yanacaqdoldurma stansiyalarının çoxunda yanacaq yoxdur, yanacaq olan yerlərdə isə onu hədsiz baha qiymətə satırlar.
Daşıyıcıların tətili bazar ertəsi başlanıb. Tətildə iştirak edənlərin hamısı həmkarlar ittifaqının üzvləridir. Onlar özlərinin peşə kateqoriyasının tanınmasını və əməkhaqqının artırılmasını tələb ediblər. Prezident Marselu Rebelu di Sozanın xahişi ilə infrastruktur naziri Pedro Nunna Santos vasitəçi kimi çıxış edib və bundan sonra tətilçilərin tələbləri qəbul edilib.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon

Dünya 2019-04-19 18:17:00