×
A
A
A
Sazlamalar

AZAL və "PASHA Travel" Səudiyyə Ərəbistanının 3 şəhərinə çarter reyslərinin yerinə yetirilməsinə dair razılığa gəliblər

Bakı, 19 aprel, AZƏRTAC

Bu günlərdə "Azərbaycan Hava Yolları"nın Ər-Riyadda keçirilmiş "Azərbaycan şahinin gözü ilə" təqdimatı ərəb ölkələrinin vətəndaşlarının və turoperatorlarının böyük marağına səbəb olub.
"Azərbaycan Hava Yolları" QSC və "PASHA Travel"ın mətbuat xidmətlərindən AZƏRTAC-a bildirilib ki, bu böyük tədbirin ilk nəticəsi kimi AZAL 2019-cu il yay uçuş cədvəli çərçivəsində Səudiyyə Ərəbistanına bir sıra çarter layihələri üzrə ölkəmizin aparıcı turoperatoru "PASHA Travel" ilə tərəfdaşlığını elan etməyə şaddır.
"PASHA Travel" təqdimatda bəyan edilən 6 istiqamətdən üçünə 2019-cu ildə çarter reysləri yerinə yetirəcək:
• Bakı-Dammam-Bakı – cümə günləri (iyunun 7-dən etibarən);
• Bakı-Ər-Riyad-Bakı – bazar ertəsi günləri (iyunun 10-dan etibarən);
• Bakı-Əl-Xufuf-Bakı – bazar günləri (iyunun 9-dan etibarən).
Xatırladaq ki, AZAL, həmçinin Səudiyyə Ərəbistanının aşağıdakı şəhərlərinə birbaşa aviareyslər yerinə yetirəcək.
• Bakı-Ciddə-Bakı – bazar ertəsi günləri (aprelin 8-dən etibarən);
• Bakı-Mədinə-Bakı – çərşənbə günləri (iyunun 5-dən etibarən);
• Bakı-Burayda (Əl-Qassim)-Bakı – (cədvəl dəqiqləşdirilir).
Qeyd edək ki, AZAL və "PASHA Travel" ilə 2017-ci ildən bəri uzunmüddətli uğurlu əməkdaşlıq bağlayır. Səudiyyə Ərəbistanına yeni reyslərlə yanaşı, cari ildə birgə birbaşa çarter reysləri, həmçinin iyunun 20-dən sentyabrın 12-dək Tivata (Monteneqro) yerinə yetiriləcək. Aviabiletin qiymətinə baqajın (23 kiloqramadək) pulsuz daşınması və isti yeməklər və soyuq qəlyanaltıların tam çeşidi daxildir.

Nəqliyyat 2019-04-19 17:03:00