×
A
A
A
Sazlamalar

Gəncə gəncləri sahibkarlıqla bağlı beynəlxalq layihədə

Gəncə, 19 aprel, Rauf Hacıyev, AZƏRTAC

“Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin əməkdaş olduğu "Joint Organization to Unite Rural Networks of Entrepreneurial Youth" layihəsi çərçivəsində keçiriləcək beynəlxalq “Erasmus+” proqramı üçün iştirakçıların ərizə qəbulu yekunlaşıb. Hazırda iştirakçıların seçim prosesi davam edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mayın 19-dan 25-dək davam edəcək təlim 8 təşkilatın əməkdaşlığı ilə Avropa İttifaqı ölkələrindən İtaliya, Fransa, Polşa və Şərq Tərəfdaşlığı ölkələrindən Ukrayna, Azərbaycan (Gəncə şəhəri və ətrafı) və Gürcüstandan sahibkarlıq bacarıqlarını inkişaf etdirmək istəyən 21 gəncin iştirakı ilə həyata keçiriləcək.
Layihənin məqsədi region gənclərinin aqrar sahə üzrə biliklərini artırmaq və Avropa ölkələrinin təcrübələrinin mənimsənilməsidir.
Qeyd edilib ki, region gənclərinin məşğulluğu Şərq Tərəfdaşlığı ölkələrinin əsas prioritetlərindəndir. Bu ölkələrdə gənclərin işsizliyini aradan qaldırmaq və davamlı sahibkarlıq potensialını inkişaf etdirmək üçün “yaşıl iqtisadiyyat”ın davamlı inkişafına ehtiyac var. Məhz bunu nəzərə alan layihə gənclərin sahibkarlıq fəaliyyətinin inkişafına yönəlib. Layihənin yekun nəticəsi Ukrayna, Gürcüstan və Azərbaycanın Avropa İttifaqı ilə iqtisadi əlaqələrinin inkişafına kömək edəcək.

Regionlar 2019-04-19 16:55:00