×
A
A
A
Sazlamalar

Sabirabadda kredit yarmarkası keçirilib

Bakı, 19 aprel, AZƏRTAC

Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) kredit yarmarkası keçirilib. Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşkil etdiyi yarmarkada müvəkkil kredit təşkilatları vətəndaşlarla görüşərək onların aqrar kreditlərlə bağlı suallarını cavablandırıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, kredit yarmarkaları ardıcıl olaraq bütün regionlarda keçirilir. Yanvar ayından başlayan yarmarkalar Qazax, Xaçmaz, Şəmkir, Zaqatala, Masallı rayonlarında təşkil olunub. Bu yarmarkalarda AKİA-nın sədr müavini Əmir Əmirli, kredit şöbəsinin müdiri və mütəxəssisləri, AKİA-nın müvəkkil kredit təşkilatı olan 16 bank və bank olmayan kredit təşkilatının yerli filiallarının nümayəndələri iştirak edir.
Kredit yarmarkalarını keçirməkdə əsas məqsəd fermerləri güzəştli aqrar kredit şərtləri, eləcə də kənd təsərrüfatı texnikası və damazlıq heyvanların dövlət güzəşti ilə yeni qaydalarla satışı barədə məlumatlandırmaqdır.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli Fərmanı ilə kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışı bazarı liberallaşdırılıb. Bu Fərmana qədər yalnız səhmləri dövlətə məxsus “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin bazalarında olan texnika və damazlıq heyvanın satışına dövlət güzəşti tətbiq edilirdisə, yeni qaydalara müvafiq olaraq, istənilən təchizatçıdan kənd təsərrüfatı texnikası və damazlıq heyvan alan şəxs dövlət güzəştindən faydalana bilir.

Kənd təsərrüfatı 2019-04-19 15:50:00