×
A
A
A
Sazlamalar

Vergiödəyicilərinin qeydiyyatı ilə bağlı 2 xidmət “ASAN xidmət”ə verilib

Bakı, 19 aprel, AZƏRTAC 

Hazırda Vergilər Nazirliyində kommersiya hüquqi şəxslərin və vergiödəyicilərinin qeydiyyatı ilə bağlı 32 istiqamətdə xidmət göstərilir.
Nazirliyin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, həmin xidmətlərin 2-si - kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı və fiziki şəxslərin uçotu üzrə ilkin qeydiyyat proseduru Prezident İlham Əliyevin müvafiq Fərmanına uyğun olaraq, 2019-cu ilin yanvarından "ASAN xidmət" mərkəzlərinə verilib.
Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin direktoru Samir Seyidəhmədli qeyd edib ki, 2012-ci ildən hər iki xidmət Vergilər Nazirliyi ilə yanaşı, həm də "ASAN xidmət" mərkəzlərində icra olunurdu. Bu ilin yanvarından isə bu xidmətlər yalnız "ASAN xidmət" tərəfindən həyata keçirilir.
"ASAN xidmət" mərkəzlərinin səlahiyyətinə verilən vergi xidmətlərindən istifadə proseduru barədə məlumat verən S.Seyidəhmədli deyib ki, kommersiya hüquqi şəxsin qeydiyyatı və ya fiziki şəxsin uçotu ilə bağlı "ASAN xidmət" mərkəzlərinə gələn vətəndaşlar orada Vergilər Nazirliyinin əməkdaşlarına müraciət edir, müvafiq sənədləri təqdim edir, sənədlər yoxlanıldıqdan sonra emal üçün kuryer vasitəsilə arxa ofisə göndərilir və qanunvericiliyə uyğun olaraq hüquqi şəxslərin qeydiyyatı 2, fiziki şəxslərin uçotu isə 1 gün ərzində aparılır. Bundan sonra hazırlanmış qeydiyyat sənədləri yenidən "ASAN xidmət"ə qaytarılır və oradan vətəndaşlara verilir.
O bildirib ki, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin kağız daşıyıcıda edilmiş müraciətləri əsasında hazırlanmış qeydiyyat sənədləri elektron qaydada imzalanaraq onların elektron kabinetinə göndərilir. Eyni zamanda, "ASAN İmza" serfikatlarının verilməsi xidməti də Vergilər Nazirliyinin əməkdaşları tərəfindən "ASAN xidmət" mərkəzlərində həyata keçirilir.

İqtisadiyyat 2019-04-19 15:23:00