×
A
A
A
Sazlamalar

Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdim olunub

Moskva, 19 aprel, AZƏRTAC
Ural Sənaye-Ticarət Palatası və Azərbaycanın Yekaterinburqdakı Baş konsulluğunun dəstəyi ilə Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” layihəsinin növbəti təqdimatı olub.
Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyində AZƏRTAC-a bildiriblər ki, yerli sahibkarlar “Azərbaycan” Ticarət Evi” layihəsinin konsepsiyası, onun tərkib hissəsi olan “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” ilə tanış olublar.
Konsepsiya azərbaycanlı ixracatçıların kompleks dəstəklənməsi sisteminin formalaşması və Azərbaycan mallarının Rusiya bazarına çıxarılması məqsədi daşıyır. “Azərbaycan nemətləri” mağazaları Moskvada və Rusiya Federasiyasının müxtəlif regionlarında yerli sahibkarların iştirakı ilə açılacaq və geniş məhsul çeşidləri olan iri mağazalardan tutmuş, xüsusi çay və şərab evləri də daxil olmaqla, müxtəlif formatlarda fəaliyyət göstərəcək.
“Azərbaycan” Ticarət Evi” mağazaların geniş çeşiddə Azərbaycan məhsulları ilə təmin olunmasına kömək edəcək və ölkəmizin ixrac potensialı, turizm və investisiya imkanları ilə tanış olmağa şərait yaradan və daimi fəaliyyət göstərən “vitrin” rolunu oynayacaq, həmçinin rusiyalı və azərbaycanlı sahibkarlar üçün əlaqə vasitəsinə çevriləcək.


Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

İqtisadiyyat 2019-04-19 14:54:00