×
A
A
A
Sazlamalar

Aqrar Universitetdə ümumşəhər elmi-nəzəri konfransı keçirilib

Gəncə, 19 aprel, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “İlham Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda bakalavriat və magistrantların xarici dillərdə (ingilis, alman, rus, fransız) ümumşəhər elmi-nəzəri konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransda ADAU-nun tələbələri ilə yanaşı, Gəncə Dövlət Universitetinin və Azərbaycan Texnologiya Universitetinin bakalavr, magistr səviyyəsində tələbələri iştirak ediblər.
Tədbiri açan universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov müasir Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin gəncliyin inkişafında olan xidmətlərindən, qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələdə Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakının təmin edilməsinin zəruriliyindən və bu istiqamətdə görülən işlərdən danışıb.
Rektor qeyd edib ki, ölkəmizdə aparılan gənclər siyasəti, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı İlə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluğu, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Məlumat verilib ki, “İlham Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda bakalavriat və magistrantların xarici dillərdə ümumşəhər elmi-nəzəri konfransının keçirilməsində məqsəd tələbələrin xarici dillərə marağını artırmaq, gənclərin yaradıcılıq potensialına, onların yeni ideyalarının aşkara çıxarılmasına meydan verməkdir.
Sonra AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev çıxış edib.
Daha sonra konfransın plenar iclasında tələbələrin məruzəsi dinlənilib.

Regionlar 2019-04-19 13:33:00