×
A
A
A
Sazlamalar

Poliatlon çoxnövçülüyü üzrə muxtar respublika çempionatının qalibi müəyyənləşib

Naxçıvan, 19 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə Atıcılıq Mərkəzində “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə muxtar respublika çempionatına yekun vurulub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, birincilikdə 8 komandada 5 çağırışçı gənc olmaqla, 40 nəfər iştirak edib. Yarış poliatlon beşnövçülük proqramı üzrə 100 metr məsafəyə qaçış, pnevmatik tüfəngdən 10 metr məsafəyə atəş açma, 50 metr məsafəyə sərbəst üsulla üzmək, turnikdə dartınmaq və 2000 metr məsafəyə kross qaçışı üzrə təşkil olunub.
Gərgin mübarizə şəraitində keçən yarışda Babək rayon komandası birinci olub. Digər iki pillədə Kəngərli və Ordubad rayon komandaları qərarlaşıblar.
Qaliblər və yarışda fərqlənən digər idmançılara təşkilatçılar tərəfindən diplom, kubok və fəxri fərmanlar verilib.
Aprelin 24-29-da Göygöl rayonunda keçiriləcək Azərbaycan çempionatında muxtar respublikanı Babək rayon komandası təmsil edəcək.

Regionlar 2019-04-19 12:53:00