×
A
A
A
Sazlamalar

Yaponiyada aynuların aborigen xalq olması barədə qanun qəbul edilib

Tokio, 19 aprel, AZƏRTAC

Yaponiyada etnik azlıq hesab edilən aynuların ölkənin aborigen xalqı olması barədə qanun qəbul edilib. Aynular, əsasən Yaponiyanın şimalında, Hokkaydo adasında yaşayırlar.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin yuxarı Palatasının aprelin 19-da keçirilən plenar iclasında bəyənilib. Bununla Yaponiyada ilk dəfə olaraq qanunvericilik qaydasında aynular aborigen xalq kimi müəyyən edilir və onlar öz nəsilləri ilə fəxr edəcəkləri cəmiyyəti formalaşdırmağa çağırılır.
Sənədə əsasən, mərkəzi və yerli hakimiyyət strukturları tərəfindən aynuların mədəniyyətinin inkişafına dəstək verəcək regional dotasiya proqramlarının hazırlanması da nəzərdə tutulur. Qanuna, həmçinin aynulara öz mədəni ənənələrini qorumaq üçün dövlət meşələrində oduncağın hazırlanması və yerli çaylarda balıq ovuna icazə verilməsi də daxildir.
Yaponiya torpaq naziri Keyiçi İşii bildirib ki, aynular üçün öz etnik şərəflərinin və ləyaqətlərinin qorunması, eyni zamanda, bunu gələcək nəsillərə ötürmək xüsusi əhəmiyyət kəsb edir. Nazir əlavə edib ki, müvafiq dövlət orqanları parlamentdəki debatlar zamanı irəli sürülən təkliflər nəzərə alınmaqla qanunun icrası üçün lazım olan bütün addımları atacaqlar.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-04-19 12:25:00