×
A
A
A
Sazlamalar

Salyanın 34 yaşayış məntəqəsində əhalinin tibbi müayinəsi başa çatıb

Salyan, 19 aprel, Mahir Babayev, AZƏRTAC 

Salyanda əhalinin pulsuz tibbi-profilaktik müayinəsi uğurla davam edir. Aksiya başlayandan – fevralın 12-dən bu günə kimi 55 min 699 nəfər rayon sakini tibbi müayinədən keçirilib.
Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin müdiri İsrafil Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu nəcib aksiya rayon üzrə 74 min 827 nəfəri əhatə edir. Əhalinin tibbi-profilaktik müayinədən keçirilməsi üçün rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində 3 daimi, 1 səyyar həkim briqadası yaradılıb. Bununla yanaşı, rayon mərkəzi xəstəxanası, qəsəbə və kənd səhiyyə ocaqlarının tibb işçiləri də kampaniyaya cəlb ediliblər. Həkimlər tərəfindən terapevt, rentgen, göz, dəri və digər xəstəliklər müayinə olunur. Artıq 51 yaşayış məntəqəsindən 34-də müayinələr başa çatdırılıb. Hazırda 17 kənddə müayinələr davam edir.
Müayinələr zamanı xəstəlik aşkarlanan 3470 nəfər ambulator, 112 nəfər stasionar müalicəyə cəlb olunub, 16 nəfər üzərində cərrahiyyə əməliyyatı aparılıb. Rayon şəraitində müalicəsi mümkün olmayan 81 xəstə isə Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Sakinlər humanitar aksiyanı ölkəmizdə əhalinin sağlamlığına göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirirlər.

Regionlar 2019-04-19 11:53:00