×
A
A
A
Sazlamalar

Startapların hazırlanması və tətbiqi məsələləri müzakirə olunub

Naxçıvan, 19 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı olan “Şərq qapısı” qəzetinin redaksiyasında Naxçıvan Dövlət Universitetinin hamiliyə götürülmüş jurnalistika ixtisası tələbələri ilə birgə startapların hazırlanması və tətbiqi məsələləri müzakirə olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qəzetin redaksiya heyətinin və Naxçıvan Mətbuat Şurası üzvlərinin, digər qəzet redaktorlarının iştirakı ilə keçirilən tədbirdə “Şərq qapısı” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Mehriban Sultan çıxış edərək, belə tədbirlərin əhəmiyyətini vurğulayıb.
Baş redaktor Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının muxtar respublikada müasir təfəkkürlü və peşəkar mütəxəssis hazırlığı, tələbə-gənclərdə innovativ ideyaların üzə çıxarılması, yaradıcı düşüncənin inkişaf etdirilməsi baxımından əhəmiyyətindən danışıb. Qeyd olunub ki, aprelin 15-də keçirilən müşavirədə də innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin (startapların) həyata keçirilməsi, hami təşkilatlar tərəfindən layihələri dəyərləndirəcək ekspert qrupların və ictimai əsaslarla fəaliyyət göstərəcək mərkəzlərin yaradılması, startapların qəbulunu və təqdimatlarının keçirilməsini təmin etmək kimi mühüm vəzifələr qoyulub. Ali Məclisin Sədri həmin müşavirədəki çıxışında qeyd edib ki, “Startap Naxçıvan” hərəkatının əsas məqsədi muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olmaqdır.
Mehriban Sultan “Şərq qapısı” qəzetinin hami təşkilat kimi həyata keçirdiyi tədbirlərdən, son iki ildə jurnalistika ixtisasının 3 məzununun redaksiyada işlə təmin edilməsindən, jurnalist tələbələrdən Qızbəsti Sultan, Nardanə Əliyeva, Məmməd Qurbanlı və Mahsun Bədəlovun qəzetlə fəal əməkdaşlığa cəlb olunmasından danışıb. Qeyd olunub ki, müvafiq sərəncamın icrası, tələbələrin jurnalistika sahəsindəki fəallığını artırmaq, mətbuat qurumları ilə yaradıcılıq əlaqələrini gücləndirmək, mətbuatda müntəzəm çıxışlarını təmin etmək məqsədilə “Şərq qapısı”nda yeni “Estafet” rubrikası yaradılıb. Çıxışda tələbələrlə əməkdaşlığın inkişaf etdirilməsi, onların müvafiq şöbələrə təhkim olunaraq ideya, mövzu, yaradıcılıq baxımından istiqamətləndirilməsi, “Auditoriyadan redaksiyaya!” devizi ilə hər ay qəzetin bir nömrəsinin startapçı tələbələr tərəfindən nəşrinin təşkili və digər yeni startap layihələrin həyata keçirilməsi ilə bağlı fikirlər səsləndirilib.
Tədbirdə Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxışında jurnalist tələbələrin Mətbuat Şurası, muxtar respublikanın digər mətbuat orqanları ilə müntəzəm əməkdaşlığa cəlb olunmasının, onların muxtar respublika ilə bağlı materialların sosial şəbəkələr vasitəsilə təbliğində fəallıq göstərmələrinin zəruriliyini vurğulayıb.
“Şərq qapısı” qəzetinin baş redaktor müavini, startap üzrə ekspert Rauf Kəngərli müvafiq sərəncamın jurnalistika sahəsində təşəbbüskar və yaradıcı potensiala malik gənclərin üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib, yeni startap layihələrinin hazırlanması və qiymətləndirilməsi haqqında məlumat verib.
Jurnalistika və kitabxanaçılıq kafedrasının müdiri, dosent Şəhla Şirəliyeva muxtar respublikada jurnalist ixtisası üzrə ali təhsilli mütəxəssis hazırlığından, həmin kadrların müvafiq işlə təmin olunması üçün yaradılan şəraitdən, hami təşkilat olan “Şərq qapısı” ilə birgə kadr hazırlığı istiqamətində görülən işlərdən, mütərəqqi düşüncəli, yenilikçi, ideyaverici jurnalist gənclərin yetişdirilməsi istiqamətində qarşıda duran vəzifələrdən danışıb.
Tədbir diskussiya şəklində davam etdirilib, tələbələrin sualları cavablandırılıb, təkliflər dəyərləndirilib.
Tələbələr “Şərq qapısı” qəzetinin iş prosesi ilə maraqlanıb, redaktə, növbəti nömrənin tərtibatı, fotojurnalistika işini əyani şəkildə izləyiblər.

Regionlar 2019-04-19 11:49:00