×
A
A
A
Sazlamalar

Yaponiya hökuməti İmperatorun taxtdan imtinası mərasiminin planını bəyənib

Tokio, 19 aprel, AZƏRTAC
Yaponiya hökuməti aprelin 30-da İmperator Akihitonun taxtdan imtinası mərasimini Konstitusiyaya uyğun dövlət aktı kimi keçirmək barədə rəsmi qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, İmperator taxtının ötürülməsi ilə bağlı mərasimlərdən biri barədə qərar Nazirlər Kabinetinin aprelin 19-da keçirilən iclasında qəbul edilib. Taxtdan imtina mərasimi XIX əsrdə Yaponiyanın konstitusiyalı idarəetməyə qədəm qoymasından sonra təşkil edilən ilk belə akt olacaq.
“Tayirey-Seyden-no-qi” və ya Əlahəzrət İmperatorun Taxtdan imtina mərasimi aprelin 30-da axşam saat 5-də Tokiodakı İmperator sarayının Matsu-no-ma zalında təşkil ediləcək və cəmi 10 dəqiqə çəkəcək.
Mərasimdə əvvəlcə Yaponiyanın Baş naziri Şinzo Abe İmperatorun 2017-ci ilin iyununda qəbul edilən xüsusi qanun əsasında taxtı tərk etdiyini elan edəcək. Ş.Abe, həmçinin İmperatora ictimaiyyət adından minnətdarlıq bildirəcək.
Plana əsasən, taxtı tərk edən İmperator Akihito da nitq söyləyəcək.
Vəliəhd-şahzadə Naruhito mayın 1-də yeni İmperator kimi taxta çıxacaq.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Dünya 2019-04-19 11:32:00