×
A
A
A
Sazlamalar

Sumqayıt universitetində “Azərbaycanda inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində keçirilən təlim uğurla başa çatıb

Sumqayıt, 19 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Dövlət Universitetində (SDU) aprelin 1-dən 18-dək Avropa İttifaqının maliyyə dəstəyi, UNICEF və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Azərbaycanda inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində müəllimlər üçün təşkil edilən təlimlər başa çatıb.
AZƏRTAC xəbər verir ki, təlimlərin keçirilməsində məqsəd inklüziv təhsil üzrə dövlət proqramının həyata keçirilməsinə dəstək verməkdir. Üç həftə davam edən təlimdə SDU-nun bütün fakültələrindən 90 nəfər müəllim iştirak edib. İştirakçılar inklüziv mühitdə təlimin təşkili üçün beynəlxalq təcrübəyə əsaslanan biliklərə yiyələniblər. Təlimin sonunda hər bir iştirakçıya sertifikat verilib.
SDU-nun rektoru, professor Elxan Hüseynov təlimin gedişatını izləyib. O, universitetdə inklüziv təhsil mühitinin yaradıldığını, əlilliyi olan tələbələr üçün mərkəz təşkil olunduğunu və Sumqayıt Dövlət Universitetinin bu istiqamətdə bir neçə beynəlxalq layihələrdə tərəfdaş qismində uğurla iştirak etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, universitetin inklüziv təhsil sahəsində müvafiq təcrübəsi, potensialı və mütəxəssisləri var. Sumqayıt Dövlət Universiteti belə layihələrə daim dəstək verir.
Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Aytəkin Məmmədova təlimlərin əhəmiyyətindən bəhs edərək bildirib ki, UNICEF-in Azərbaycandakı nümayəndəliyi tərəfindən icra olunan “Azərbaycanda inklüziv təhsilin genişləndirilməsi” layihəsi çərçivəsində pedaqoji heyətin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması məqsədilə keçirilən təlimlər inklüziv təhsili tətbiq etmək bacarığına malik olan yeni nəsil müəllimlərin formalaşmasına şərait yaradacaq.

Regionlar 2019-04-19 10:49:00