×
A
A
A
Sazlamalar

Mərkəzi Bank nağd ödəniş avadanlıqlarında milli pul nişanlarının qəbuluna dair məlumat yayıb

Bakı, 18 aprel, AZƏRTAC
Mərkəzi Bankı nağd ödəniş avadanlıqlarında milli pul nişanlarının qəbuluna dair məlumat yayıb.
Bankdan AZƏRTAC-a bildirilib ki, son zamanlar mətbuatda, xəbər portallarında və sosial şəbəkələrdə ölkə ərazisində istismar olunan nağd ödəniş avadanlıqların (bankomatlar, cash-in avadanlıqlar, ödəniş terminalları və sair) zədələnmiş, əzilmiş, korlanmış, cırılmış, deşilmiş, müxtəlif vasitələrlə hissələri yapışdırılmış pul nişanlarını qəbul etməməsi ilə bağlı yaranmış çətinliklər barədə məlumatlar yayılmaqdadır.
Ölkə ərazisində istismar olunan nağd ödəniş avadanlıqları müxtəlif kredit təşkilatları, poçt rabitəsinin milli operatoru və qeyri-bank ödəniş təşkilatlarına məxsusdur, bu avadanlıqlara onlar tərəfindən xidmət olunduğundan adaptasiya prosesləri həmin təşkilatlar tərəfindən həyata keçirilir.
Nağd ödəniş avadanlıqlarının quraşdırılması zamanı pul nişanlarının keyfiyyət parametrlərindən (saxta olmayan, çirklənməmiş, zədələnməmiş, əzilməmiş, korlanmamış, cırılmamış, deşilməmiş, əlavə vasitələrlə hissələri yapışdırılmamış) asılı olaraq onların adaptasiyası həyata keçirilir. Bu zaman saxta və dəyəri ödənilməyən pul nişanlarının nağd ödəniş avadanlıqları tərəfindən qəbul edilməməsi və bu sahədə müvafiq risklərin minimallaşdırılması məqsədilə belə avadanlıqları istismar edən kredit təşkilatları, poçt rabitəsinin milli operatoru və qeyri-bank ödəniş təşkilatları tərəfindən müvafiq keyfiyyət parametrlərinə cavab verməyən pul nişanlarının qəbuluna ciddi məhdudiyyətlər tətbiq edilir.
Qanunvericiliyə uyğun olaraq, müvafiq keyfiyyət parametrlərinə cavab verməyən pulların dəyərinin ödənilməsi yalnız onların ekspertizasının həyata keçirilməsindən sonra müəyyən edilə bilər. Belə ki, tədavülə yararsız, həqiqiliyi şübhə doğurmayan (saxta olmayan) və bütöv bir hissədən ibarət səthinin 60 faizdən az olmayan hissəsini və ya eyni əsginasa məxsus hissələrdən ibarət olan səthinin 100 faizini saxlamış milli pul nişanlarının dəyəri ödənilir. Bununla əlaqədar qanunvericiliyə əsasən Mərkəzi Bank və onun ərazi idarələrinə və yaxud ölkə ərazisində fəaliyyət göstərən kredit təşkilatlarına müraciət oluna bilər.

Maliyyə 2019-04-18 18:23:00