×
A
A
A
Sazlamalar

Şəmkirin Düyərli kəndində daşıyıcı qaz kəmərləri yenidən qurulur

Bakı, 18 aprel, AZƏRTAC

Şəmkir rayonunun Düyərli kəndində daşıyıcı qaz kəmərləri yenidən qurulur.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, son illər birlik tərəfindən respublikanın yaşayış məntəqələrinə təbii qazın bərpası, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, səmərəli və effektiv qazpaylama infrastrukturunun yaradılması və şəbəkənin nəqletmə imkanlarının genişləndirilməsi, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür. Belə ki, tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq “Azəriqaz” tərəfindən nəzərdə tutulmuş işlərin icrası ilə əlaqədar, ilk növbədə, kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidən qurulması, eləcə də hər bir istehlakçının mənzilinə qaz sayğaclarının quraşdırılması işləri 2019-cu ildə də uğurla davam etdirilir.
Tədbirlər planına uyğun olaraq cari ildə Şəmkir Regional Qaz İstismar İdarəsinin 6 xidmət sahəsi üzrə 50 kilometr qaz kəmərinin yenilənməsi işləri nəzərdə tutulub ki, artıq 13 kilometr boru xətləri yenisi ilə əvəzlənib. Aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində şəbəkənin qaz nəqletmə imkanının artırılması məqsədilə Şəmkir rayonunun Düyərli kəndini təbii qazla təmin edən orta təzyiqli daşıyıcı yeraltı qaz kəmərinin 4 min metr hissəsinin, diametri 250 millimetrlik polietilen qaz kəməri ilə əvəzlənməsi işlərinə başlanılıb və 2 500 metrdən çox hissəsi yenilənib. Yenidənqurma işlərinin qısa zamanda başa çatdırılması üçün müvafiq tədbirlər görülür. İşlər başa çatdırıldıqdan sonra 2 minədək təbii qaz istehlakçılarının tələb olunan təzyiqdə təbii qazla təminatı üçün əlavə imkan yaradılacaq.
İstehlakçıların dayanıqlı təbii qazla təmin olunması üçün vacib məsələləri müəyyənləşdirən “Azəriqaz” istər Bakı şəhəri, istərsə də regionlarda qaz boru xətlərinin, avadanlıqların, ölçü və idarəetmə sistemlərinin işinin etibarlı təmin olunması üçün, planlı surətdə profilaktik təmir və qulluq işlərini, həmçinin qaz şəbəkəsinin yenidən qurulması, qaz təchizatının bərpası ilə yanaşı, yeni qaz kəmərlərinin çəkilməsi və yaşayış sahələrinin qazlaşdırılması işlərini davam etdirir.

Regionlar 2019-04-18 18:31:00