×
A
A
A
Sazlamalar

İki marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib

Bakı, 18 aprel, AZƏRTAC
Bakı Nəqliyyat Agentliyi (BNA) 38 və 15 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edib.
BNA-dan AZƏRTAC-a bildirilib ki, Nizami rayonu, Keşlə qəsəbəsi, Mirzə Ələkbər Sabir və Abdulla Mirzəyev küçələrinin kəsişməsində dəmir yol keçidində müxtəlif səviyyəli yol ötürücüsünün (tunel) inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti aprelin 18-i gecə saat 00:00-dan etibarən tam məhdudlaşdırılacaq. Bu səbəbdən qeyd edilən ərazidən keçən 38 və 15 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib. Dəyişikliyə əsasən, 38 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi A.Mirzəyev küçəsinə keçirilib. 15 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar isə Mirzə Ələkbər Sabir küçəsi ilə Puşkin küçəsinin kəsişməsindən geri dönərək müəyyən olunmuş sxem üzrə hərəkət edəcəklər.
Dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvvədə olacaq.

Nəqliyyat 2019-04-18 17:23:00