×
A
A
A
Sazlamalar

Azərbaycan İlahiyyat İnstitutu Ağcabədidə abituriyent və tələbələrlə görüş keçirib

Ağcabədi, 18 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutu 2019-2020-ci tədris ili üzrə instituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. İnstitutun əməkdaşlarının növbəti səfəri Ağcabədi rayonuna olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, institutun kollektivi əvvəlcə rayon rəhbərliyi ilə birlikdə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, Ulu Öndərin xatirəsini ehtiramla anıb.
Bayraq Muzeyində ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri ilə keçirilən görüşdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq, Ulu Öndərin təhsil siyasəti uğurla davam etdirilir. Hazırda Azərbaycan təhsili ayrı-ayrı sahələr üzrə deyil, kompleks şəkildə inkişaf edir.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov çıxışında bildirib ki, ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən təhsil islahatlarının başlıca qayəsi təhsil sisteminin inkişafı, uğurlu nəticələrin qazanılmasıdır. Respublikada təhsilin inkişafına göstərilən diqqət və qayğı ölkəmizin gələcəyi hesab olunan bugünkü gənclərin sağlam ruhlu, dövlətçiliyimizə sədaqətli, vətənpərvər şəxsiyyətlər kimi formalaşacağına böyük ümidlər yaradır.
İnstitut haqqında məlumat verən Ceyhun Məmmədov ali təhsil müəssisəsinin Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə yaradıldığını qeyd edib. Diqqətə çatdırıb ki, ali tədris ocağı Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasının təmin olunması məqsədilə yaradılıb. İnstitutda qarşılıqlı etimada əsaslanan şəffaf müəllim-tələbə münasibətlərinin hökm sürməsi üçün tələb olunan bütün tədbirlər həyata keçirilib.
Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekan müavini Kövsər Tağıyev çıxışında ali təhsil müəssisəsinin tədris prosesi haqqında məlumat verib. Təhsil müəssisəsinin fəaliyyətindən, tələbələrə dəstək xidmətləri və məzunlar üçün iş imkanlarından bəhs edib.
İnstitutun Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova ali təhsil müəssisəsinə qəbul prosesi, həmçinin mövcud ixtisaslar haqqında geniş məlumat verib. Bildirib ki, instituta qəbul olunmuş hər bir abituriyent dövlətin qayğı və diqqəti ilə yaradılmış lazımi şəraitdən, ödənişsiz təhsil və digər imtiyazlardan tam yararlanacaq. F.Yusifova tələbələrin ödənişsiz geyim və yeməklə təmin ediləcəklərini, dərslərdən əlavə, ayrıca xarici dil kurslarına cəlb olunacaqlarını və digər üstünlüklərə yiyələnəcəklərini diqqətə çatdırıb.
Tədbirin sonunda abituriyentləri maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları sonra Ağcabədi Pedaqoji Kollecində və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında görüşlər keçiriblər.

Regionlar 2019-04-18 17:34:00