×
A
A
A
Sazlamalar

Bakıda beynəlxalq “Baltic Weekend” kommunikasiyalar forumu keçirilir

Bakı, 18 aprel, AZƏRTAC

Aprelin 18-19-da Bakıdakı “Fairmont” otelində beynəlxalq “Baltic Weekend” forumu keçirilir. Avropada ən iri kommunikasiya forumlarından biri olan bu tədbirdə qlobal iqtisadi və sosial-siyasi vəzifələr kontekstində aktual peşə məsələləri müzakirə edilir.
AZƏRTAC xəbər verir ki, Avropada kommunikasiyalara həsr edilmiş ən iri beynəlxalq forum olan “Baltic Weekend” forumu hər il Rusiyanın şimal paytaxtı Sankt-Peterburqda keçirilir. Mövcud olduğu 18 il ərzində “Baltic Weekend” forumu ilin mühüm və işgüzar mühitdə hörmət bəslənilən hadisəsi kimi özünü göstərib.
Bu forumun təşkilatçısı olan kommunikasiya agentliyinin baş direktoru Andrey Barannikov tədbirin birinci günündə bildirib ki, bu, üçüncü səyyar bahar forumudur.
A.Barannikov vurğulayıb: “Kommunikasiya vasitələrinin sürətlə dəyişməsi və fasiləsiz informasiya axını hər il keçirilən tədbirlərə adi yanaşmanı dəyişib. Payız fəslində Sankt-Peterburqda keçirilən ənənəvi “Baltic Weekend” forumu ilə yanaşı, hər il aprel ayında bahar tədbiri də keçirilir. Bundan əvvəlki səyyar forumlar Tbilisidə və Kalininqradda keçirilib, bu dəfə isə biz Bakıdayıq”.
Forum müxtəlif təqdimat mərasimləri ilə davam edib. Məsələn, “Reebok #НИВКАКИЕРАМКИ” reklam şirkətinin müəllifi Aleksandr Qolofast, “SPN Communications”un idarəçi tərəfdaşı Tatyana Mikayılova, “Kasperski laboratoriyası”nın Rusiyada və inkişaf etməkdə olan bazar ölkələrində mətbuat xidmətinin rəhbəri Andrey Bulay və bir sıra başqaları öz layihələrini təqdim ediblər.
Tədbirin ikinci günündə Azərbaycan ictimaiyyəti ilə əlaqələr üzrə mütəxəssislər assosiasiyasının (APRA) xarici əlaqələr üzrə koordinatoru Kamran Əliyevin “Azərbaycanda PR: mif yoxsa gerçəklik” mövzusunda çıxışı, “Baku City Circuit F1”in marketinq və kommunikasiyalar şöbəsinin rəisi Nigar Arpadarainin “Formula-1 Azərbaycan Qran-Prisi: şübhələrdən zəfərə doğru” və başqa məruzələr dinləniləcək.
Qeyd edək ki, mövcud olduğu 18 il ərzində “Baltic Weekend” forumu kommunikasiyalar, habelə biznes, hakimiyyət, mass-media, təhsil qurumları və ictimai təşkilatlar sahələrinin peşəkar və etik kommunikasiyaların inkişafına maraq göstərən nümayəndələr arasında dialoq üçün səmərəli diskussiya məkanı olduğunu sübut edib.
Forumun spikerləri qismində kommunikasiyalar sahəsində aparıcı mütəxəssislər və biznes birliyinin nümayəndələri – ictimaiyyət ilə əlaqələr üzrə direktorlar, brend-menecerlər, marketoloq və reklamçılar, Rusiyanın və xarici ölkələrin iri şirkətlərinin top-menecerləri, hakimiyyət, media və sahəvi assosiasiyaların nümayəndələri çıxış edəcəklər.

İqtisadiyyat 2019-04-18 17:01:00