×
A
A
A
Sazlamalar

Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törədib

Tbilisi, 18 aprel, AZƏRTAC
Güclü küləklə müşayiət olunan yağışlar və dağlıq ərazilərə yağan qar Gürcüstanda ciddi fəsadlar törədib.
AZƏRTAC xəbər verir ki, güclü külək nəticəsində paytaxt Tbilisidə bir neçə ağac aşıb, avtomobillərə, evlərə və digər infrastruktura ciddi ziyan dəyib.
Elektrik xətləri qırılıb, bəzi rayonlara elektrik enerjisinin verilməsində problemlər yaranıb.
Əlverişsiz hava şəraiti Gürcüstanın bölgələrində də fəsadlara səbəb olub. Tetriskaro, Dmanisi, Kaspi və Qori rayonlarında külək ağacları aşırıb, bəzi evlərə ziyan dəyib. Leysan yağışları nəticəsində kiçik çaylar məcrasından çıxıb, həyətyanı ərazilər və kənd təsərrüfatı sahələri su altında qalıb.
Gürcüstandan Rusiyaya gedən yeganə avtomobil magistralında minik avtomobili yoldan çıxaraq qar uçqununa düşüb. Xilasedicilər avtomobildəki insanları xilas ediblər. Heç kim xəsarət almayıb.
Yuxarı Lars yolunda avtomobillərin hərəkətində fasilələr yaranıb.
Sinoptiklər əlverişsiz hava şəraitinin aprelin 23-dək davam edəcəyi barədə xəbərdarlıq ediblər.
Yaxın günlərdə Gürcüstan ərazisində güclü külək, leysan yağışları və dağlıq ərazilərdə qar yağacağı bildirilir.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2019-04-18 13:31:00