×
A
A
A
Sazlamalar

Aptekdən külli miqdarda pul oğurlayan şəxslər saxlanılıblar VİDEO

Bakı, 18 aprel, AZƏRTAC

Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində yerləşən apteklərdən birindən oğurluq edilib. Naməlum şəxs obyektə daxil olaraq aptekdəki seyfləri qıraraq oradan külli miqdarda pul talayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə ilə bağlı Nərimanov Rayon Polis idarəsinə və 16-cı polis bölməsinə məlumat daxil olan kimi dərhal yaradılan əməliyyat-istintaq qrupu tərəfindən obyektə baxış keçirilib. Cinayəti törətməkdə təqsirli bilinən Biləsuvar rayon sakinləri Əli İsmayılov, Amil Məmmədli və Siyəzən rayon sakini Çingiz Xankişiyev idarə və bölmə əməkdaşlarının “isti izlər”lə həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıblar.
Araşdırma zamanı müəyyən olunub ki, dəstə üzvlərindən ikisi - Ə.İsmayılov və Ç.Xankişiyev müxtəlif vaxtlarda həmin aptekdə əczaçı işləyiblər və seyfin yeri barədə əvvəlcədən məlumatlı olublar. Həmin şəxslər iş yerlərini dəyişəndən sonra aptekdən oğurluq etmək üçün xüsusi plan hazırlayıblar. Bu məqsədlə Ə.İsmayılov Ç.Xankişiyevi həmyerlisi A.Məmmədli ilə tanış edib. Əldə olunan razılığa əsasən hadisə günü A.Məmmədli aptekə obyektin dam hissəsini kəsərək əvvəlcə anbara, daha sonra isə seyfin saxlanıldığı otağa daxil olub. Burada o, özü ilə gətirdiyi kəsici alətlərlə seyfləri qıraraq içindəki pulları ələ keçirib.
A.Məmmədlinin aptekə daxil olma anı obyektin müşahidə kameraları vasitəsilə lentə alınıb.
Hadisədən sonra A.Məmmədli özü ilə gətirdiyi kəsici alətləri aptekdə qoyaraq oradan uzaqlaşıb.
Daha sonra dəstə üzvləri Ç.Xankişiyevin yaşadığı mənzildə görüşərək pulu aralarında bölüblər. Onların yaşadıqları evlərə baxış zamanı oğurlanan pulların bir hissəsi polislər tərəfindən aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Dəstə üzvləri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hadisə 2019-04-18 13:01:00

Video