×
A
A
A
Sazlamalar

Qax Dövlət Kukla Teatrının direktoru: Prezidentimizin son Sərəncamı teatrların inkişafına güclü təkan verəcək

Qax, 18 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Prezident İlham Əliyev son bir ayda ikinci dəfədir ki, teatr kollektivlərini sevindirir. Dövlətimizin başçısının martın 11-də imzaladığı Sərəncamla teatr və konsert müəssisələrində çalışan işçilərin aylıq vəzifə maaşlarının 50 faizədək artırılması böyük sevincimizə səbəb olub. Prezidentimizin Azərbaycan teatrlarının inkişafı ilə bağlı aprelin 17-də imzaladığı növbəti Sərəncam dövlətimizin başçısının bu sahəyə diqqət və qayğısının daha bir bariz nümunəsidir. Bu Sərəncam teatr kollektivlərinə yüksək əhval-ruhiyyə gətirib, daha da yaxşı işləməyə ruhlandırıb. Sərəncam teatrlarımızın inkişafına çox güclü təkan verəcək.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Qax Dövlət Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Nazim Mahmudov deyib.
Teatrların fəaliyyətinin müasir dövrün tələblərinə uyğun şəkildə qurulması baxımından Sərəncamın əhəmiyyətini yüksək qiymətləndirən teatrın direktoru bildirib ki, ayrılan 100 min manat vəsait teatrların maddi-texniki bazasının yaxşılaşdırılmasına, tamaşaların dekorasiyalarının hazırlanmasına, çatışmayan qurğuların, texniki avadanlığın, aparatların alınmasına müsbət təsir göstərəcək.
Nazim Mahmudov teatrların inkişafına, həmçinin bu sahədə çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi yüksək diqqət və qayğıya görə kollektiv adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 17-də Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan teatr ənənələrinin qorunub saxlanılması və dövrün tələblərinə uyğun inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 1,2 milyon manat, o cümlədən “Yuğ”, Pantomima teatrlarına, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına, Şəki, Ağdam, Füzuli, Qazax Dövlət Dram teatrlarına, Qusar Dövlət Ləzgi Dram Teatrına, Qax rayonu Gürcü Dövlət Dram Teatrına, Gəncə, Qax və Salyan Dövlət Kukla teatrlarının hər birinə 100 min manat ayrılacaq.

Regionlar 2019-04-18 13:02:00