×
A
A
A
Sazlamalar

İndiyədək ekspertizası tələb olunmayan tikinti obyektinə icazə üzrə 22 müraciət daxil olub

Bakı, 18 aprel, AZƏRTAC

Bu vaxtadək “bir pəncərə” prinsipi ilə elektron sistemə ekspertizası tələb olunmayan tikinti obyektinə tikintiyə icazə verilməsi bölməsi üzrə 22 müraciət daxil olub.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 18-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) keçirilən mətbuat konfransında deyib.
O, yeni elektron sistemin işləmə mexanizmi barədə məlumat verib. Qeyd edib ki, Prezident İlham Əliyevin 2018-ci il 28 dekabr tarixli Fərmanı ilə ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisi və istismarı sadələşdirilib. Fərman Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə şamil edilir. Bu məqsədlə komitə və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə elektron sistem hazırlanıb. Sistemin əhəmiyyəti bəzi tikinti obyeklərinin tikintisi və istismarına icazə alınması zamanı prosesin, əlavə vaxt itirilmədən, daha sürətli və şəffaf formada icrasına şərait yaratmaqdır. Belə ki, sifarişçi qeyd olunan sistemdə öz şəxsi kabinetinə daxil olaraq tələb olunan sənədləri elektron formada yükləyib, 15 iş günü müddətində tikintiyə, 10 gün müddətində isə istismara icazəni əldə edə bilər. Bu da bəzi tikinti obyektlərinin tikintisi və icrasına icazə prosesində əlverişli mühitin yaradılması, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğuna hesablanıb.
Bildirib ki, hər bir sifarişçinin müraciətinə elektron icazə vərəqəsi onun şəxsi kabinetinə göndərilir. İcazə vərəqəsini həm də yazılı formada əldə etmək üçün sadəcə müraciət zamanı bununla bağlı xüsusi düyməni aktivləşdirmək lazımdır.
R.Mahmud fevralın 21-dən istifadəyə verilən elektron sistemlə bağlı statistik rəqəmləri açıqlayaraq əldə olunan nəticələri də diqqətə çatdırıb. Qeyd olunan tarixdən indiyədək “bir pəncərə” prinsipi ilə elektron sistemə ekspertizası tələb olunmayan tikinti obyektinə tikintiyə icazə verilməsi bölməsi üzrə 22 müraciət daxil olduğu vurğulanıb. Həmin müraciətlərdən 17-sinin komitə tərəfindən müsbət cavablandırılaraq, elektron icazə vərəqəsi sifarişçinin şəxsi kabinetinə göndərilib. Elektron sistemin istismara icazə bölməsi üzrə isə 4 ekspertizası tələb olunmayan tikinti obyekti ilə bağlı müraciət daxil olub ki, hər birinə müsbət rəy verilib. Bildirilib ki, qeyd olunan statistik göstəricilər bu günə hesablanmış rəqəmlərdir və hər gün yenilənir.
Mətbuat konfransında ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınmasının “bir pəncərə” prinsipi əsasında elektron formada müraciət qaydası və bu sistemin əhəmiyyətinə həsr edilib.
Qeyd edək ki, tikinti sahəsində biznes mühitinin əlverişliliyinin artırılması iqtisadi canlanmaya müsbət təsir göstərib, eləcə də bu sektor üzrə islahatları beynəlxalq təşkilatlar da yüksək qiymətləndiriblər. Belə ki, Dünya Bankının “Doing Business 2019” hesabatında "Tikinti üçün icazə alınması” indikatoru üzrə Azərbaycanın mövqeyi 100 pillə irəliləyərək 61-ci yerdə qərarlaşıb.

Tikinti̇ 2019-04-18 12:53:00