×
A
A
A
Sazlamalar

Kürdəmir xalçaçıları Şirvan qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verirlər

Kürdəmir, 18 aprel, AZƏRTAC 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Kürdəmir rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” 2018-ci il martın 30-da imzaladığı Sərəncamla yaradılan və ötən ilin sonunda fəaliyyətə başlayan emalatxana artıq öz inkişaf dövrünü yaşayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azərxalça” ASC-nin Kürdəmir filialı üçün tikilən bina toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı, konfrans zalı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada hazırda 80-dən çox toxucu çalışır. Burada Şirvan qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Minilliklər boyu xalq sənətkarları tərəfindən yaşadılan bu çeşnilər öz zərifliyi və gözəlliyi ilə seçilir. Xalça mütəxəssisləri bu xalçaları yüksək sıxlığına görə də dəyərləndirirlər.
Hazırda filialda çalışan kürdəmirli toxucular qədim xalçaçılıq ənənələrini yaşadır, keyfiyyətli xalçalar toxumağa çalışırlar. Filialda bu günə qədər 200 kvadratmetrə yaxın xalça toxunub. "Azərxalça" ASC-nin digər filiallarında olduğu kimi, Kürdəmir filialının toxucuları üçün də tədris-hazırlıq kursları təşkil olunub. Gənc qızlar burada qədim el sənətinin sirlərinə yiyələnirlər.

Regionlar 2019-04-18 11:45:00